YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Hacıyev: Brüsseldə ermənilərin təxribatçı niyyətlərinin qarşısı alınıb

Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təbliği məqsədilə noyabrın 16-19-da Brüsseldə keçirilməsi nəzərdə tutulan təxribatçı tədbirlərin qarşısının alınması üçün Azərbaycanın Belçikadakı səfirliyi tərəfindən zəruri önləyici tədbirlər həyata keçirilib. Belçikada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları da bu işdə yaxından iştirak ediblər.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri bildirdiyinə görə, səfirlik tərəfindən Belçikanın ərazisindən sui-istifadə edilərək Brüsselin qeyri-qanuni rejimin təbliği məqsədilə məntəqə kimi seçilməsi cəhdlərinə münasibətdə Azərbaycanın narazılığı və narahatlığı Belçikanın Xarici İşlər Nazirliyinə, federal və regional qanunverici orqanlarına və digər müvafiq təsisatlarına çatdırılıb.

Avropa Erməni Federasiyası və digər erməni mənbələrinin bu tədbirlərlə əlaqədar qondarma rejimin “rəhbəri” kimi özünü təqdim edən Bako Saakyan adlı şəxsin Brüsselə səfiri öncədən geniş şəkildə təbliğ olunsa da, görülmüş məqsədyönlü tədbirlər nəticəsində bu səfərin ləğv edilməsinə nail olunub. Bu xüsusda, Ermənistan və erməni lobbisinin əlaltısı olan Avropa Parlamentinin deputatı Frank Engelin təşkilatçılığı ilə Avropa Parlamentində nəzərdə tutulan görüş də ləğv edilib. Həmçinin B.Saakyanın iştirakı ilə “Dağlıq Qarabağın müstəqilliyinin 25 illiyi” adı altında noyabrın 19-da “Hay Daun” erməni mərkəzində keçirilməsi nəzərdə tutulan qəbul da ləğv edilib.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin tarixini və mədəniyyətini təhrif edən fotosərgi və konsert ilə əlaqədar Brüsseldəki “Palais des Beaux Arts” sarayı və “Tour&Taxi” mərkəzinə ünvanlanmış etirazlara cavab olaraq, həmin şirkətlərin rəhbərliyi rəsmi cavablarında Azərbaycan tərəfinin arqumentlərinə hörmətlə yanaşdıqlarını, bu tədbirlərin mahiyyətindən xəbərsiz olduqlarını, ictimaiyyətə açıq olmayan həmin tədbirlərlə əlaqədar bilet satışı həyata keçirmədiklərini və yalnız kommersiya şərtləri əsasında ərazilərini kirayə verdiklərini bildiriblər. Əldə olunan məlumatlara görə, bu tədbirlərdə əsasən Belçikada yaşayan ermənilər olmaqla, xüsusi dəvət əsasında yalnız 100-ə yaxın şəxs iştirak edib.

Əvvəlcədən geniş təbliğatın aparılmasına baxmayaraq, bu uğursuzluq və iflasın fonunda indi rəsmi Yerevan, lobbi təşkilatı olan Avropa Erməni Federasiyası və Ermənistan KİV-ləri susqunluğa üstünlük verir.