YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Burkina-Faso Azərbaycanla enerji sahəsində əməkdaşlıqda maraqlıdır

Azərbaycanın energetika naziri Natiq Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Burkina-Fasoda səfərdə olub.

SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, səfər çərçivəsində ölkənin paytaxtı Uaqaduqu şəhərində bir sıra ikitərəfli görüşlər keçirilib. Burkina-Faso parlamentinin - Milli Assambleyanın sədri Salif Diallo ilə keçirilən görüşdə Azərbaycan nümayəndə heyətinin üzvləri, o cümlədən SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov, “Azərikimya” İstehsalat Birliyinin və “SOCAR Trading” şirkətinin rəhbər şəxsləri iştirak ediblər.

Görüşdə Azərbaycan və Burkina-Faso arasında diplomatik əlaqələrin 2004-cü ildə yaradıldığı, iki dövlət arasında əməkdaşlığın BMT, İslam Əməkdaşlıq Təşkilatı, habelə Azərbaycanın müşahidəçi status daşıdığı Afrika İttifaqı çərçivəsində həyata keçirildiyi vurğulanıb, qarşılıqlı əməkdaşlığın inkişafı üçün geniş perspektivlərin olduğu qeyd edilib.

Nazir N.Əliyev Azərbaycanda həyata keçirilən uğurlu enerji strategiyası barədə ətraflı məlumat verib, ölkəmizin təşəbbüsü və yaxından iştirakı ilə həyata keçirilən regional və beynəlxalq əhəmiyyətli layihələrdən bəhs edib. Azərbaycanın əsas neft və təbii qaz ixracatçılarından biri kimi dünya enerji bazarında oynadığı rol xüsusi qeyd olunub.

Görüşdə Burkina-Fasonun əsas enerji daşıyıcalarını idxal etdiyi, bu ölkənin Azərbaycanla qarşılıqlı əlaqələrin inkişafında, xüsusilə enerji sahəsində əməkdaşlıqda maraqlı olduğu qeyd edilib.