YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Novruz Məmmədov: Azərbaycan ilə ABŞ arasında əməkdaşlıq daha da inkişaf edəcək

Hesab edirik ki, Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında əməkdaşlıq daha da inkişaf edəcək. Ölkələrimiz arasında münasibətlərin yaxşı bazası var və əlaqələrin pisləşməsinə səbəb yoxdur.

Bu fikirləri Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib.

Novruz Məmmədov deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampa göndərdiyi təbrik məktubunda iki ölkə arasında 25 il ərzində yaxşı əməkdaşlıq əlaqələrinin olduğunu diqqətə çatdırıb. “Bütün sahələrdə yaxşı əməkdaşlıq etmişik. Bir sıra sahələrdə əməkdaşlığımız strateji səviyyəyə yüksəlib. Bu illər ərzində təbii ki, müəyyən problemlər də olub”, - deyə Prezident Administrasiyası rəhbərinin müavini bildirib.

Novruz Məmmədov qeyd edib ki, dövlətimizin başçısının məktubunda münasibətlərin yüksək səviyyəsi vurğulanmaqla yanaşı, ABŞ-ın Minsk qrupunun həmsədr ölkəsi kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə öz töhfəsini verməyə borclu olduğu mesajı da çatdırılır.

Prezident Administrasiyasının rəsmisi bildirib ki, 25 ildir postsovet məkanında Azərbaycan qədər balanslı münasibət saxlayan ikinci dövlət tapmaq çətindir. Bunun əsasını ulu öndər Heydər Əliyev qoyub və bu siyasət Prezident İlham Əliyev tərəfindən davam etdirilir.

Novruz Məmmədov deyib: “Azərbaycanın daxili və xarici siyasət kursunun təməli güclüdür. Biz mürəkkəb regionda yerləşsək də, bütün istiqamətlər üzrə əlaqələr qurmağı, saxlamağı bacarmışıq. Avronest məsələsində olduğu kimi, lazım olanda Avropa İttifaqına sözümüzü deyirik”.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ləngimənin səbəbinə toxunan Novruz Məmmədov deyib ki, hazırda həmsədr ölkələrin başları özlərinə qarışıb. Böyük dövlətlər dünyada nüfuz qazanmaq istəyirlərsə, kiçik ölkələrdəki münaqişələri ədalətli şəkildə həll etməlidirlər. Bu, həm də onlara güclü etimad yaradar. Prezident Administrasiyası rəhbərinin müavini vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyü məsələsi bütün sənədlərdə öz əksini tapmalıdır.