YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Hüseynli: Azərbaycanda sürücülük vəsiqələrinin verilməsində yeni qaydalar tətbiq ediləcək

Azərbaycanda sürücülük vəsiqələrinin verilməsində yeni qaydalar tətbiq ediləcək. Bu barədə Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Yol hərəkəti haqqında” qanuna nəzərdə tutulan dəyişikliklərin təqdimatı zamanı bildirib.

Ə.Hüseynli bildirib ki, dəyişikliyə əsasən, sürücülük vəsiqəsi alanlar imtahan verərkən onların idarə etmək istədikləri avtomobilin sürət qutusunun avtomat, yoxsa mexaniki olması nəzərə alınacaq. Həmçinin təklif edilən dəyişikliyə əsasən, sürücülük vəsiqələri alarkən təcrübə imtahanlarının şəffaf keçirilməsinə nəzarət gücləndiriləcək. Belə ki, dəyişiklikdə imtahan prosesinin videoçəkilişinin aparılması nəzərdə tutulur.

Komitə sədri qeyd edib ki, imtahan prosedurunun videokameralarla təchiz olunması nəzərdə tutulur: “Təklif olunan layihə əlavə imkan verir ki, vətəndaşlar özləri seçim etsinlər ki, hansı idarəetmə üzrə hüquq əldə etmək istəyirlər. Beləliklə, avtomatik idarəetmə hüququ əldə etmək istəyənlərə və mexaniki idarəetmə ilə bağlı hüquq vətəndaşların öz seçimi əsasında onlara veriləcək”.

Ə.Hüseynli əlavə edib ki, Azərbaycan ərazisində xarici ölkələrə məxsus sürücülük vəsiqələri ilə bağlı yeni qaydalar tətbiq olunur, xarici sürücülük vəsiqələrinin bir ay müddətinə istifadəsinə icazə və əcnəbilərə sürücülüklə bağlı yeni hüquqlar verilir. Bununla bağlı “Yol hərəkəti haqqında” qanuna 35-1 (Xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi) maddəsinin əlavə edilməsi təklif edilir.

Yeni maddənin I hissəsinə əsasən, Azərbaycan vətəndaşı yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlılıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan ərazisində nəqliyyat vasitələrini ölkə ərazisinə daxil olduğu gündən bir ay ərazində idarə etmək hüququna malikdir. Azərbaycan vətəndaşı ölkə ərazisində nəqliyyat vasitələrini həmin müddətdən artıq idarə etmək üçün sürücülük vəsiqəsini bu qanunun 35-ci maddəsinin VI-VIII hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir. Maddənin II hissəsinə əsasən, Azərbaycanda müvəqqəti olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlılıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan ərazisində nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq üçün icazə aldıqda, ölkə ərazisində nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsini həmin icazəni aldığı gündən bir ay müddətində bu qanunun 35-ci maddəsinin VI–VIII hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir.

Maddənin III hissəsinə əsasən isə yuxarıdakı hissələrdə (I-II) nəzərdə tutulmuş hallarda sürücülük vəsiqəsi dəyişdirildikdə, xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi yeni sürücülük vəsiqəsi ilə birlikdə həmin şəxsə qaytarılır.

 

DİGƏR Xəbərlər Arxiv