YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Səfərli: Fond fəaliyyət göstərdiyi müddətdə öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışır

«Dövlət müstəqilliyimizin bərpasının ilk illərində respublikamızda söz, fikir, məlumat azadlığı sahəsində ciddi problemlər mövcud idi. Həmin dövrdə KİV üzərində senzuranın olması, redaksiyaların maddi-texniki bazasının zəifliyi, jurnalist peşəkarlığının hələ yüksək səviyyədə olmaması söz və fikir azadlığının inkişafına öz mənfi təsirini göstərirdi». Bu fikirləri Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli YAP-ın Mətbuat və ictimai əlaqələr komissiyasının «Heydər Əliyev və Azərbaycan mətbuatı» mövzusunda keçirdiyi dəyirmi masada çıxışı zamanı deyib.

V.Səfərli bildirib ki, belə vəziyyətin aradan qaldırılması üçün siyasi hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev bir sıra ciddi qərarlar qəbul etdi. Onun sözlərinə görə, 1998-ci ildə Onun Fərmanı ilə senzuranın  ləğv edilməsi çox mühüm qərar oldu. 

«Belə tədbirlər davamlı xarakter aldı. 1999-cu ildə “Kütləvi informasiya vasitələri haqqında” Qanun qəbul olundu, mətbuata nəzarət funksiyasını həyata keçirən Mətbuat və İnformasiya Nazirliyi 2000-ci ildə ləğv edildi, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi, 2005-ci ildə KİV-lərin qeydiyyatı qaydaları sadələşdirildi, qeydiyyatdan keçmiş KİV-lərin sayı sürətlə artmağa başladı. Sözsüz ki, KİV-lərin sayı artdıqca, onların tirajları aşağı düşməyə başladı və nəticədə onlar maliyyə böhranı ilə üzləşdilər. Məhz bu böhrandan çıxış yolları axtarmaq üçün Mətbuat Şurasında peşəkar jurnalistlərdən və mütəxəssislərdən ibarət işçi qrupu yaradıldı. İşçi qrupu KİV-in İnkişafına Dövlət Dəstəyi Konsepsiyasını hazırlayaraq dövlətimizin başçısına təqdim etdi. Konsepsiyaya Prezident Adminstrasiyasında baxıldı və Prezidentin 2008-ci il 31 iyul tarixli Sərəncamı ilə təsdiqləndi. Konsepsiyadan irəli gələn vəzifələri həyata keçirmək məqsədi ilə 2009-cu il aprelin 3-də Prezident İlham Əliyevin Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı. Fond fəaliyyət göstərdiyi müddətdə öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışır»- deyə, icraçı direktor vurğulayıb.