YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tümen vilayəti Azərbaycan məhsullarına maraq göstərir

Azərbaycan xeyli sayda soydaşımızın da yaşadığı Tümen vilayəti arasında əlaqələrin genişləndirilməsində maraqlıdır və əməkdaşlığın inkişafı üçün böyük imkanlar var.

Bu fikirləri iqtisadiyyat naziri Şahin Mustafayev Bakıda keçirilən VII Azərbaycan-Rusiya Regionlararası Forumunun iştirakçısı, Rusiya Federasiyasının Tümen vilayətinin qubernatoru Vladimir Yakuşevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə bildirib.

İqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən şirkətlərin nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə nazir Ş.Mustafayev Azərbaycan-Rusiya əlaqələrindən və əməkdaşlığın genişləndirilməsi perspektivlərindən danışıb, Tümen vilayətinin geniş tərkibli nümayəndə heyətinin də iştirak etdiyi forumun ölkələrimiz arasında əlaqələrin inkişafına töhfə verəcəyini vurğulayıb.

Tümen vilayətinin qubernatoru V.Yakuşev vilayətin Azərbaycanla əlaqələrindən danışaraq, azərbaycanlı mütəxəssislərin burada neft-qaz yataqlarının kəşf olunmasında və istismarında böyük rol oynadığını bildirib. Qubernator VII Azərbaycan-Rusiya Regionlararası Forumunun əlaqələrin genişləndirilməsi üçün əlverişli platforma olduğunu vurğulayıb, forum çərçivəsində çoxsaylı görüşlərin keçirildiyini, Tümen nümayəndə heyəti tərəfindən maraqlı iqtisadi layihələrin və təkliflərin olunduğunu diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycandan Tümen vilayətinə meyvə-tərəvəz məhsulları ixrac edilir və bu məhsullara əhali tərəfindən böyük tələbat var. Azərbaycanlı sahibkarlar Tümen vilayətində topdansatış və paylaşdırma mərkəzi yarada bilər. Bu mərkəzdən isə məhsulların Tümenlə yanaşı, digər yaxın regionlara da göndərilməsi mümkündür. Bunun üçün Tümen vilayəti Azərbaycan sahibkarlarına zəruri infrastrukturla təmin olunmuş torpaq sahəsi də təklif edir. Tümen vilayətinin qubernatoru V.Yakuşev iqtisadiyyatın digər sahələrində investisiya imkanlarını vurğulayıb, azərbaycanlı sahibkarları Tümen vilayətinə sərmayə yatırmağa, layihələrdə iştiraka dəvət edib.