YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müdafiə Nazirliyində keçirilən görüşdə regiondakı hərbi-siyasi vəziyyət müzakirə olunub

Oktyabrın 26-da Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə regiondakı hərbi-siyasi vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hazırkı vəziyyətə dair məsələlərin müzakirə edildiyi görüşdə Z.Həsənov Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazilərinin 20 ildən çoxdur Ermənistanın işğalı altında olduğunu, bunun nəticəsində bir milyondan çox insanın doğma yurd-yuvasından didərgin düşdüyünü, qarşı tərəfin cəbhədə vəziyyəti gərginləşdirmək cəhdlərini qonaqların diqqətinə çatdırıb.

Nazir deyib ki, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş ərazilərdən qeyd-şərtsiz çıxması ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən dörd qətnamə qəbul olunub. Lakin Ermənistan hakimiyyəti uzun illərdir beynəlxalq ictimaiyyətin haqlı tələbinə məhəl qoymur və mövcud status-kvonu saxlamaqda maraqlıdır.

H.Salber bildirib ki, Avropa İttifaqı Cənubi Qafqaz regionunda sabitliyin təmin olunması üçün münaqişənin tez bir zamanda sülh yolu ilə həllinin tərəfdarıdır və bu istiqamətdə danışıqların davam etdirilməsi zəruridir.