YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Suraxanı Günəş Elektrik Stansiyasının açılışında iştirak edib

İyulun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin “Azalternativenerji” Məhdud Məsuliyyətli Cəmiyyətinin Suraxanı Günəş Elektrik Stansiyasının açılışında iştirak edib.

Prezident İlham Əliyevə Suraxanı Günəş Elektrik Stansiyasının göstəriciləri barədə məlumat verildi.
Bildirildi ki, yaradılmasında əsasən yerli xammal və avadanlıqdan istifadə olunan stansiyanın layihə gücü 2800 kilovatdır. Stansiyada illik elektrik enerjisi istehsalı 4 milyon kilovatdır. Stansiya layihə gücü ilə tam işləyəndə il ərzində 1,5 milyon kubmetr qaza qənaət olunacaq.

Sonra dövlətimizin başçısına Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin səyyar laboratoriyasının fəaliyyəti barədə məlumat verildi.

Bu laboratoriya alternativ və bərpa olunan enerji mənbələrinin potensialını müəyyənləşdirmək üçün yaradılıb. Laboratoriya ən müasir və xüsusi avadanlıq, həmçinin avtonom enerji mənbəyi ilə təchiz olunub. Respublikanın müxtəlif yerlərinə aparılan laboratoriyanın köməyi ilə həmin ərazidə günəş, su, külək elektrik stansiyasının quraşdırılmasının səmərəliliyi yoxlanılır. Dövlət Agentliyinin istehsalı olan səyyar günəş generatorları xüsusi əhəmiyyətə malikdir.

Prezident İlham Əliyevə yolların və yaşayış binalarının işıqlandırılması ilə bağlı avtomatik idarəetmə sistemi barədə məlumat verildi. Bu sistemi reallaşdırmaqda məqsəd günün saatından asılı olaraq yolların və yaşayış binalarının müxtəlif rejimlərdə işıqlandırılmasıdır. Belə ki, sistem yolları avtomobillərin intensivliyinə görə də işıqlandıra bilir. Bunun hesabına isə həm elektrik enerjisinə qənaət olunur, həm də yol istismar xərcləri aşağı düşür. Sistemin özəlliyi ondan ibarətdir ki, onun bütün intellektual proqramları Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyində hazırlanıb.

Sonra Prezident İlham Əliyev kollektivlə xatirə şəkli çəkdirdi.

Görülən işlərlə tanış olan dövlətimizin başçısı müvafiq tapşırıq və göstərişlərini verdi.