YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Biz dünya miqyasında kənd təsərrüfatı məhsullarını ixrac edən önəmli ölkəyə çevriləcəyik

“Biz dünya miqyasında kənd təsərrüfatı məhsullarını ixrac edən önəmli ölkəyə çevriləcəyik.” Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxda “Birinci Şıxlı” kəndli fermer təsərrüfatının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdəki çıxışında deyib.

 

 Prezidenti İlham Əliyev Qazax rayonunda görülən işləri yüksək qiymətləndirərək qeyd etdi ki,  ölkəmizin, kənd təsərrüfatının inkişafı üçün belə təsərrüfatların çox böyük faydası var: “Çünki bu gün ölkəmiz, bütün regionlar hərtərəfli inkişaf edir. Kənd təsərrüfatı bu gün prioritet sahədir. Qısa müddət ərzində burada görülən işlər onu göstərir ki, əgər güclü iradə varsa hər bir işi görmək olar. Bu gün mənə göstərildi ki, vaxtilə suvarılmayan torpaq sahələrində indi suvarma işləri aparılıb, ən müasir texnologiyalar tətbiq olunub və beləliklə yüzlərlə hektar torpaq sahəsi artıq əkinə cəlb edilib.”

Prezident İlham Əliyev qeyd etdi ki, burada yetişdiriləcək məhsul həm ölkəmizin ərzaq təhlükəsizliyini təmin edəcək, həm də gələcəkdə ixrac olunacaq: “Beləliklə, kənd təsərrüfatının inkişafı daha da sürətlə gedəcək. Bu gün bu, artıq reallıqdır. İndi dünyada böhran yaşanmasına baxmayaraq Azərbaycanda kənd təsərrüfatı bu il 2 faizdən çox artıb. Bax, belə təsərrüfatlar hesabına. Çünki məqsədyönlü işlər aparılır. Dövlət həm texnika ilə, həm kreditlərlə öz dəstəyini göstərir, metodik tövsiyələr verilir və insanlar bu işlərə cəlb olunurlar. Mənə verilən məlumata görə, burada kənd camaatı bu işlərdə işləyir, yaxşı maaş alır. Burada həm iş yerləri yaradılır, həm də ən müasir texnika tətbiq edilir. Yəni, bu, müasir yanaşmadır və ölkəmizi gücləndirəcək. Biz ilk növbədə öz tələbatımızı təmin etməliyik. Burada kartofçuluq daha da çox inkişaf edəcək. Biz artıq nəinki öz tələbatımızı təmin edirik, eyni zamanda, ixrac da edirik.”

Dövlətimizin başçısı bildirib ki, digər infrastruktur layihələri icra edilib ki, kənd təsərrüfatının, sənayenin inkişafına onun bilavasitə təsiri var: “Eyni zamanda, emal müəssisələri yaradılmalıdır. Kənd təsərrüfatı, emal və sənaye müəssisələri bir kompleks təşkil edir. Beləliklə, bir neçə ildən sonra Azərbaycan iqtisadiyyatının neft-qaz amilindən asılılığı tamamilə azalacaq. Bizim məqsədimiz məhz bundan ibarətdir. Həm də ki, kənd təsərrüfatı minlərlə, on minlərlə insanı işə cəlb edir. İndi Azərbaycanın müxtəlif yerlərində çox böyük ruh yüksəkliyi var, insanlar torpağa qayıdırlar, görürlər ki, dövlət dəstəyi göstərilir, dövlət siyasəti aparılır. İnsanlar görürlər ki, bu, onların maddi vəziyyətini yaxşılaşdırır.”