YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev “Ağstafa Aqroservis” MMC-nin nəzdində yaradılacaq taxıl və un məmulatları istehsalı kombinatının taxıl anbarının təməlqoyma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da “Ağstafa Aqroservis” MMC-nin nəzdində yaradılacaq taxıl və un məmulatları istehsalı kombinatının taxıl anbarının təməlqoyma mərasimində iştirak edib.

Dövlətimizin başçısına məlumat verildi ki, Ağstafa taxıl və un məmulatları istehsalı kombinatının inşasına 2015-ci ilin martında başlanılıb, tikinti işlərinin başa çatdırılması 2017-ci ilin may ayına nəzərdə tutulub. Kombinat 3 zavoddan ibarət olacaq. Bunlar “Toxumluq taxıl emalı”, “Taxıl emalı və un istehsalı” və “Çörək və yarımfabrikatlar istehsalı” zavodlarıdır.

Dövlətimizin başçısına yeni yaradılacaq taxıl dəyirmanı barədə məlumat verildi.

Dəyirman müasir iqtisadiyyatın tələbinə uyğun olaraq yeni texnologiyalarla təchiz ediləcək. Bu texnologiyaların tətbiqi dəyirmanda keyfiyyətli məhsul əldə etməyə imkan verəcək. Dəyirmanın emal gücü saatda 5 tondur. Qabaqcıl texnologiyaların tətbiqi buğdadan maksimum un əldə etməyə şərait yaradacaq. Beləliklə, həm yüksək keyfiyyətli un məhsulları əldə ediləcək, həm də mövcud tullantılardan səmərəli istifadə olunacaq. Bu dəyirmanın ən böyük əhəmiyyəti ondan ibarətdir ki, emala təqdim edilmiş taxıl yuyulmayacaq. Onun nəmləndirilməsi xüsusi texnologiya ilə həyata keçiriləcək ki, bu, həm unun keyfiyyətli olmasına şərait yaradacaq, həm də vaxt və məhsul itkisinin qarşısını alacaq. Emal zamanı yaranan kəpək və digər qırıntılardan yem istehsal ediləcək.

Prezident İlham Əliyev yeni dəyirmanın təməlini qoydu.

Dövlətimizin başçısı burada hazır məhsul anbarına da baxdı.

Ümumi sahəsi 5048 kvadratmetr olan anbarda satış üçün saxlanılan bir neçə çeşiddə un, qaba yem və hazır toxumlar barədə Prezident İlham Əliyevə məlumat verildi.

Hələlik cəmiyyətin öz emal zavodları hazır olmadığından yetişdirilmiş buğda Şəmkir rayonuna nəql olunaraq orada emal edilir.

Prezident İlham Əliyevə yerli undan hazırlanan qənnadı məhsulları təqdim olundu.

Dövlətimizin başçısına burada quraşdırılması nəzərdə tutulan toxum istehsalı xətti barədə də məlumat verildi. Qeyd edildi ki, layihə üzrə müəssisənin tərkibində saatda 25 ton emal gücü olan Almaniyanın “Petkus” şirkətinə məxsus toxum istehsalı xətti qurulacaq.