YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

JİJİ PRESS: Azərbaycanlı qaçqın və məcburi köçkünlər doğma yurdlarına qayıtmaq istəyirlər

Yaponiyanın JİJİ PRESS informasiya agentliyinin baş redaktoru Okuyama Masaşinin müəllifi olduğu məqalədə deyilir ki, azərbaycanlı qaçqın və məcburi köçkünlər doğma yurdlarına qayıtmaq istəyirlər.

Agentliyin baş redaktoru sentyabrın 21-dən 30-dək Azərbaycanda səfərdə olub, V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etməklə yanaşı, ölkəmiz haqqında silsilə məqalələr hazırlayıb.

Oktyabrın 10-da JİJİ PRESS-in yaydığı ilk məqalə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində ata-baba yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərə həsr olunub.

Bakıda və ətraf qəsəbələrdə müvəqqəti məskunlaşan həmin insanlarla görüşən O.Masaşi məqalədə onların hazırkı həyat tərzini əks etdirməklə yanaşı, artıq 25 ildən çoxdur davam edən münaqişə barədə də ətraflı məlumat verir. Bildirir ki, xarici havadarlarının dəstəyinə arxalanan Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlayır. Hələ də bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün həyatını yaşamağa məcburdur. Vurğulanır ki, BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsi, qaçqın və məcburi köçkünlərin evlərinə qaytarılması barədə dörd qətnaməsinə baxmayaraq, Ermənistan həmin torpaqları işğal altında saxlamaqda davam edir. Hazırda Bakının Yasamal rayonunda, tələbə yataqxanasında məskunlaşan keçmiş Zəngilan rayon sakini, 78 yaşlı Güldanə Kərimovanın sözlərini sitat gətirən müəllif yazır: “Mən öz evimdə ölmək istəyirəm”.

Cari ilin aprel döyüşləri barədə məlumat verən müəllif bildirir ki, Azərbaycan ordusunun cavab tədbirləri nəticəsində 200 hektara yaxın ərazi, səkkiz yüksəklik düşməndən azad edilib. Bu, doğma yurd həsrəti çəkən insanların ata-baba torpaqlarına qayıtmaq ümidini daha da gücləndirib.