YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda 23-cü Dünya Enerji Konqresində iştirak edir

Oktyabrın 10-da İstanbulda 23-cü Dünya Enerji Konqresi işə başlayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Konqresdə iştirak edir.

“Yeni üfüqlərə qucaq açmaq” devizi altında keçirilən 23-cü Dünya Enerji Konqresində Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin, Venesuela Prezidenti Nikolas Maduro Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xüsusi dəvəti əsasında iştirak edirlər.

Əvvəlcə Konqres iştirakçıları iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhd zamanı şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Konqresin açılışında Dünya Enerji Şurasının həmsədri Yanqhun Deyvid Kim çıxış edərək bu mötəbər tədbirin əhəmiyyətini vurğuladı. O, yeni nəsil enerji mənbələrinin müəyyən edilməsinin və bərpa olunan enerji mənbələrindən istifadənin hazırda qarşıda duran əsas hədəflərdən olduğunu dedi.

Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak ölkəsinin bu mühüm Konqresə ev sahibliyi etməsindən məmnunluğunu ifadə edərək, müasir dövrdə enerjinin dünya gündəminin ən aktual məsələlərindən olduğunu bildirdi. B.Albayrak dünyada təmiz enerji mənbələri ilə yanaşı, enerji daşıyıcılarının təhlükəsiz şəkildə nəqlinin də mühüm önəm daşıdığını vurğuladı.

Türkiyənin Baş naziri Binəli Yıldırım Konqres çərçivəsində keçiriləcək 60-dan çox sessiyada enerji sahəsində aktual məsələlərə dair səmərəli müzakirələrin aparılacağını bildirdi. Baş nazir dünyada enerji mənbələrinin şaxələndirilməsinin, enerji məhsullarının təhlükəsiz daşınmasının önəmini qeyd etdi.

Türkiyənin enerji sahəsində həyata keçirdiyi və iştirak etdiyi layihələrdən danışan Binəli Yıldırım Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin bu baxımdan önəmini xüsusi vurğuladı. Baş nazir Azərbaycanın və Türkiyənin mühüm rol oynadıqları “Cənub” qaz dəhlizi layihəsinin Avropanın enerji təhlükəsizliyi baxımından əhəmiyyətindən danışdı, bir neçə hissədən ibarət olan bu layihənin bütün komponentləri üzrə işlərin uğurla davam etdirildiyini bildirdi.

Sonra Türkiyənin tarixi ilə bağlı ədəbi-bədii kompozisiya nümayiş etdirildi.

Azərbaycan Prezidenti İlham Əliyev Konqresdə çıxış etdi.

Dünya Enerji Şurasının ən mühüm tədbirlərindən olan Konqres enerji sahəsində problemlərin və onların həlli yollarının qlobal miqyasda nəzərdən keçirilərək müəyyən edilməsi məqsədilə təşkil olunan ən mühüm beynəlxalq enerji tədbiridir. Dünyanın bir nömrəli enerji platforması olan Konqres ilk dəfə 1924-cü ildə keçirilib. Üç ildən bir təşkil edilən Konqres enerji sahəsində fəaliyyət göstərən qurumlara yeni texnologiyalar və yeni iş imkanları təqdim etmək imkanı verir.

23-cü Dünya Enerji Konqresində dünya enerji sənayesinin liderləri, beynəlxalq təşkilatları, “beyin mərkəzləri”ni, universitetləri, enerji və sənaye qurumlarını təmsil edən 10 mindən çox nümayəndə iştirak edir. Konqres çərçivəsində keçiriləcək “Dünya enerji liderləri”, “Gələcəyin enerji liderləri”, “Enerji trilemması” mövzularında xüsusi sessiyalarda milli, regional və qlobal miqyasda bərpa olunan enerjini təmin etmək üçün alternativ yollar axtarışında olan ölkələrin enerji nazirləri, biznes, maliyyə və elm sahələri üzrə tanınmış şəxslər ətraflı müzakirələr aparacaqlar.

1923-cü ildə yaradılan Dünya Enerji Şurası bərpa olunan enerjinin gələcəyi ilə bağlı mühüm layihələr həyata keçirilən qlobal miqyaslı mötəbər forumdur. Dünya Enerji Şurasının 93 milli komitəsi aralarında bu sahədə ixtisaslaşmış qurumların da olduğu 3 mindən çox üzv təşkilatı təmsil edir. Şuranın əsas vəzifəsi hamının rifahına xidmət edən davamlı enerji tədarükü sisteminə əsaslanan enerji istifadəsini təşviq etməkdir.

 

DİGƏR Xəbərlər Arxiv