YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında Fərman imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında Fərman imzaladı.

Sənəddə qeyd olunur ki, Minilliyin Bəyannaməsinə qoşulmuş ölkəmizdə yoxsulluqla mübarizə sahəsində kompleks tədbirlərin həyata keçirilməsi məqsədilə “2003–2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”, eləcə də “2008–2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” hazırlanaraq təsdiq edilmiş və uğurla icra olunmuşdur. Azərbaycan ötən illər ərzində Minilliyin İnkişaf Məqsədləri üzrə bir çox hədəfləri, xüsusilə insanların sağlamlığının qorunması, ətraf mühitin yaxşılaşdırılması, yoxsulluğun aradan qaldırılması, əhalinin təhsil səviyyəsinin yüksəldilməsi, gender bərabərliyinin təşviq və təmin olunması üzrə mühüm nailiyyətlər əldə etmişdir.

Fərmanda qeyd olunur: “Respublikamız Birləşmiş Millətlər Təşkilatının üzvü olan dövlətlərin 2015-ci ilin 25–27 sentyabr tarixlərində keçirilən Dayanıqlı İnkişaf Sammitində 2016–2030-cu illər üçün təsdiqlənmiş Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulmuşdur. Qarşıya qoyulmuş məqsəd və hədəflər dayanıqlı inkişafın iqtisadi, sosial və ekoloji aspektlərini əhatə etməklə, Minilliyin İnkişaf Məqsədlərinə əsaslanır və növbəti inkişaf istiqamətlərini müəyyənləşdirir.

Dayanıqlı İnkişaf Məqsədlərinin icrasının institusional və siyasi baxımdan kompleks yanaşma tələb etdiyini nəzərə alaraq, Azərbaycanda daha dayanıqlı, əhatəli və şaxələndirilmiş iqtisadiyyatın inkişaf etdirilməsi, sosial sahələrin tarazlı inkişafının təmin edilməsi üçün səmərəli milli icra mexanizminin formalaşdırılması xüsusi əhəmiyyət kəsb edir.”

Fərmana əsasən, “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərlə bağlı dövlət orqanlarının üzərinə düşən vəzifələrin icrasının əlaqələndirilməsi məqsədilə  Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradıldı.

Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov Fərmana əsasən Şuranın sədri, Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev Şuranın sədr müavini təyin olunmuşdur.

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova , Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev,  Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev, Azərbaycan Respublikası səhiyyə nazirinin müavini Elsevər Ağayev, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev,  Azərbaycan Respublikası təhsil nazirinin müavini Ceyhun Bayramov, Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev, Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov, Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Toğrul Musayev və Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov Şuranın üzvləri təyin olundular.

Fərmanda qeyd olunur ki, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının (bundan sonra – Şura) əsas məqsədi 2030-cu ilədək Azərbaycan üçün əhəmiyyət kəsb edən, qlobal məqsəd və hədəflərə uyğun milli prioritetləri və onlara dair göstəriciləri müəyyən etməkdən, ölkədə sosial-iqtisadi sahələri əhatə edən dövlət proqramlarının və strategiyaların Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdırılmasını təmin etməkdən, habelə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması ilə əlaqədar illik hesabat hazırlamaqdan ibarətdir;

Şura öz fəaliyyətinə yerli və xarici ekspertləri, mütəxəssisləri, beynəlxalq təşkilatları və elm müəssisələrini cəlb edə bilər, habelə ayrı-ayrı istiqamətlər üzrə işçi qruplar yarada bilər.

Sənədə əsasən, Şuranın fəaliyyətinin təmin edilməsi məqsədilə Şuranın Katibliyi yaradılsın və Katibliyin funksiyasının həyata keçirilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə həvalə edildi.

Fərmanda bildirilir ki, mərkəzi və yerli icra hakimiyyəti orqanları və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus hüquqi şəxslər, Şuranın müraciəti əsasında ildə bir dəfə, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına dair göstəricilər üzrə statistik məlumatların Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə, görülən işlər barədə hesabatın isə Şuraya təqdim edilməsini təmin edəcəkdir.

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Dayanıqlı İnkişaf Məqsədlərinə müvafiq olaraq müəyyən edilmiş göstəricilər üzrə statistik məlumatların işlənilməsini və onların ildə bir dəfə Şuraya təqdim olunmasını,  Şura isə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması üzrə görülmüş tədbirlər barədə hesabatın ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə təqdim olunmasını təmin edəcəkdir.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təklifləri əsasında bu Fərmanın 3-cü hissəsinə əsasən yaradılan Katibliyin fəaliyyətinin təşkili ilə bağlı xərclərin maliyyələşməsini həyata keçirəcəkdir.

Mərkəzi və yerli icra hakimiyyəti orqanları, habelə səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus hüquqi şəxslər Şuranın fəaliyyətinə lazımi kömək göstərilməsini, onun müraciəti əsasında zəruri məlumatların və sənədlərin təqdim olunmasını təmin edəcəkdir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir. 

Fərmanda bildirilir ki, Nazirlər Kabineti mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir.