YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Hökuməti sədrinin müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da Rusiya Federasiyası Hökumətinin sədr müavini Olqa Qolodetsin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Prezident İlham Əliyev Bakı Beynəlxalq Humanitar Forumunun Azərbaycan və Rusiya prezidentlərinin təşəbbüsü ilə təşkil edildiyini, ölkələrimizin Forumun keçirilməsində aparıcı rol oynadıqlarını bildirdi. Dövlətimizin başçısı Rusiya Prezidenti ilə avqust ayında keçirilən görüşündə bu mövzuya toxunduqlarını dedi və Forum iştirakçılarına ünvanladığı məktuba görə Rusiya dövlətinin başçısına təşəkkürünü çatdırmağı xahiş etdi. Bakı Beynəlxalq Humanitar Forumunda müzakirə edilən məsələlərin aktual olduğunu deyən Prezident İlham Əliyev regionda və dünyada baş verənlərin nikbinlik üçün əsas vermədiyini, bu səbəbdən humanitar əməkdaşlıq və sülhün bərqərar olması məqsədilə daha çox səy göstərməyin vacibliyini qeyd etdi. Bu məsələdə Azərbaycanın təcrübəsinin çox əhəmiyyətli olduğunu, bir sıra ölkələrdə bu təcrübənin öyrənilməsinə ehtiyacın duyulduğunu bildirdi. Azərbaycan-Rusiya münasibətlərinin zəngin tarixə malik olduğunu deyən dövlətimizin başçısı ölkələrimizin bütün istiqamətlərdə, o cümlədən humanitar sahədə fəal əməkdaşlıq etdiyini vurğuladı.

Rusiya Hökuməti sədrinin müavini Olqa Qolodets şəhərimizin gözəlliyinin onda xoş təəssürat yaratdığını bildirdi. “Bakının müasir siması həqiqətən məni çox təsirləndirdi. Bakı Azərbaycanın çoxəsrlik ənənələrini, eyni zamanda, bu gün dünyada yaranmış bütün yenilikləri özündə birləşdirir”, - deyən Olqa Qolodets Heydər Əliyev Mərkəzinin nümunəsində Bakının simasının güclü təsir bağışladığını vurğuladı. “Rusiya tərəfi Sizin sülhə, əməkdaşlığa verdiyiniz töhfəni çox yüksək qiymətləndirir”, - deyən Rusiya Hökuməti sədrinin müavini Rusiyanın Azərbaycan ilə əlaqələrə böyük əhəmiyyət verdiyini, ölkələrimiz arasında əməkdaşlığın səmərəli və çoxşaxəli olduğunu bildirdi. Bakıda müxtəlif görüşlər keçirəcəyini, Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında olacaqlarını deyən Olqa Qolodets səhiyyə və mədəni turizm sahəsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğuladı.

Söhbət zamanı Azərbaycan ilə Rusiyanın ali məktəbləri arasında gənclərin regional forumlarının keçirilməsi, uşaqların yay düşərgələrində istirahəti və digər məsələlər müzakirə olundu.