YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sabirabad rayonunda «Yeni Azərbaycan» referendum üzrə təşviqat qrupunun seçicilərlə görüşləri keçirildi

Sentyabrın 23-də Sabirabad rayonunda «Yeni Azərbaycan» referendum üzrə təşviqat qrupunun Azərbaycan Respublikasının Konstitusiyasına nəzərdə tutulan əlavə və dəyişikliklərlə bağlı həm daimi, həm də ilk dəfə səs verən seçicilərlə görüşləri keçirildi.

Görüşlərdə çıxış edən YAP Sabirabad rayon təşkilatının sədri Nadir Quliyev bildirdi ki, bu dəyişiklik  cəmiyyətdən gələn sosial sifarişdir. Ona görə də xalqımız bu dəyişikliklərə yekdillikə səs verəcəkdir.

«Yeni Azərbaycan» referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov görüşlərdə çıxış edərək bildirdi ki, Konstitusiyaya dəyişikliklər Azərbaycanda demokratik proseslərin daha da inkişafına kömək edəcəkdir: «Dəyişikliklər insan haqlarının qorunmasına, Azərbaycanda idarəçilik sisteminin möhkəmlənməsinə yeni imkanlar açacaq. Dünyada və regionda gedən proseslər tələb edir ki, Konstitusiyada vacib olan dəyişikliklər edilsin. Yəni, təqdim olunan və 26 sentyabrda keçiriləcək Konstitusiya dəyişikliyi zərurətdən irəli gəlib. Bəzi şəxslərin opponent xarakterli fikirlərinin heç bir əsası yoxdur. Azərbaycanda keçiriləcək referendum nəticəsində müəyyən çağırışlara cavab tapılacaq. Dəyişikliklər yeni inkişaflara hüquqi əsaslar yaradacaq».

Səlahiyyətli nümayəndə onu da qeyd etdi ki, prezident seçilmək üçün yaş məhdudiyyətinin götürülməsi demokratik prinsiplərə söykənir: «18 yaşdan yuxarı özünü təsdiqləmiş şəxslər seçki prosesinə qatıla, etimad qazanaraq səs toplaya bilərlər. Prezidentin 7 illiyə seçilməsi də düzgün yanaşmadır. Bu o deməkdir ki, idarəetmə sistemi daha da  təkmilləşəcəkdir.»

Tədbirlərdə Milli Məclisin deputatı Elçin Quliyev çıxış edərək bildirdi ki, Konstitusiya dəyişiklikləri iqtisadi islahatların daha da genişlənməsinə, sahibkarların dövlət tərəfindən hərtərəfli müdafiəsinə geniş zəmin yaradacaqdır. Bu dəyişikliklərin hər biri mütərəqqi olduğu üçün xalqımızın yekdilliklə səs verəcəyinə əminəm. O cümlədən, sabirabadlıların da böyük əksəriyyəti dəyişikliklərə «hə» deyəcək.

Görüşlərdə çıxış edən Milli Məclisin deputatı Rüstəm Xəliov bildirdi ki, bazar iqtisadiyyatı şəraitində insan ləyaqətinin uca tutulması, ona hörmətin konstitusion norma kimi təsbit edilməsi, dövlətin bununla bağlı üzərinə öhdəliklər götürməsi, son dərəcə təqdirəlayiqdir. Bununla Azərbaycanda insan ləyaqəti Konstitusiya prinsipi halına gətirilir. Təklif olunan maddə ilə insan ləyaqətinin qorunması toxunulmaz fundamental hüquqların siyahısına daxil edilir. 
Görüşdə çıxış edən İqtisadçı Tələbələrə Dəstək İctimai Birliyinin Müşahidə Şurasının sədri Nihad Allayarlı  bildirdi ki, Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərə əsasən, yaradılması nəzərdə tutulan vitse-prezidentlik institutu xüsusilə iqtisadi islahatların davamlılığını təmin etmək və bu sahədə qəbul olunmuş qərarların tam həcmdə icrasını həyata keçirmək üçün optimal idarəçilik mexanizmi kimi ayrı-ayrı ölkələrin təcrübəsində öz həyatiliyini təsdiq etmişdir. Bundan başqa, dəyişikliklərə və əlavələrə əsasən, sahibkarlıq sahəsində dövlətin tənzimləyici funksiyasının sərhədləri dəqiq müəyyən edilir, sahibkarlığın dövlət tərəfindən tənzimlənməsi liberallaşdırılır. Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyat və sağlamlığının müdafiəsi ilə bağlı tənzimlənməni həyata keçirir. Tənzimləmənin konkret məqsədi aydınlaşır və həmin məqsədə xidmət etməyən bu və ya digər qaydalar lazımsız hesab edilir. Eyni zamanda, xüsusi mülkiyyətin sosial funksiyaları vurğulanır, onun cəmiyyətə ziyan vurmaq imkanları məhdudlaşdırılır. Təklif edilən dəyişikliklər vətəndaşların, o cümlədən sahibkarların dövlət məmurlarının özbaşınalıq, qanunazidd davranışlarından qorunmasına əlavə təminat yaradır. Dəyişikliklər qəbul edildikdə bu maddəyə əlavələr digər qanunlarda da inkişaf etdiriləcəkdir. Həmçinin bələdiyyələrin və onların vəzifəli şəxslərinin vətəndaşlar qarşısında məsuliyyəti artırılacaqdır.
Tədbirdə çıxış edən seçicilər Konstitusiya islahatlarını dəstəklədiklərini birmənalı şəkildə ifadə etdilər.