YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Rəhimzadə: Ölkənin hərtərəfli inkişafına dəstək olacaq Referendum Aktı layihəsinə insanların dəstəyi xüsusi diqqət çəkir

«Reallıqların içərisində olan xalq atılan hər bir addımın əhəmiyyətini, mahiyyətini düzgün dəyərləndirir. Hər addımda özünə diqqətin, qayğının şahidi olan ölkə ictimaiyyəti möhtərəm Prezidentimiz İlham Əliyevin çıxışlarının əsasında dayanan «Həyata keçirilən siyasətin təməlində vətəndaş amili dayanır» tezisinin reallıqlarda öz əksini tapdığının şahididir». Bu fikirləri yap.org.az saytına müsahibəsində YAP Siyasi Şurasının üzvü, «Yeni Azərbaycan» referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Vüqar Rəhimzadə deyib.

V.Rəhimzadə bildirib ki, bu gün Azərbaycanın hər bir bölgəsi, kəndi, qəsəbəsi inkişaf, tərəqqi dövrünü yaşayır. Onun sözlərinə görə, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarından irəli gələn vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsi, möhtərəm Prezidentimizin sərəncamları ilə  rayonların sosial-iqtisadi inkişafını daha da sürətləndirmək üçün Prezidentin Ehtiyat Fondundan vəsaitlərin ayrılması inkişafa böyük stimul verir. Bu günümüzün əsas tələblərindən biri neft kapitalını insan kapitalına çevirməkdir. Cənab İlham Əliyev bildirir ki, burada  hər bir məsələdə insanlara diqqət və qayğıdan söhbət gedir.

«Konstitusiyamızın «Dövlətin ali məqsədi» maddəsində də qeyd edilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Bu məqsəd atılan addımlardan, əldə olunan uğurlardan daha aydın görünür. Bu baxımdan söyləyə bilərəm ki, ümumxalq səsverməsinin təbliğat-təşviqat mərhələsi çərçivəsində bölgələrdə seçicilərlə görüşlər məndə xoş ovqat yaradır. Bu baxımdan ki, ictimaiyyət bu görüşlərə böyük əhval-ruhiyyə ilə qatılır, Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərin mahiyyətini daha dərindən öyrənməyə səy göstərir. Ölkənin hərtərəfli inkişafına dəstək olacaq Referendum Aktı layihəsinə insanların dəstəyi xüsusi diqqət çəkir. Azərbaycan vətəndaşları bu əminliyi ifadə edirlər ki, 26 sentyabrda keçiriləcək ümumxalq səsverməsinə fəal şəkildə qatılacaq, seçki hüquqlarından istifadə edərək, Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərə dəstəklərini verəcəkləri səsləri ilə təsdiqləyəcəklər»- deyə, V.Rəhimzadə qeyd edib.