YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan neftçilərinin pensiya təminatı ildən-ilə güclənir

Azərbaycan xalqının Ümummilli lideri Heydər  Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1994-cü ilin 20 sentyabr tarixində imzalanan, tarixi və siyasi, beynəlxalq əhəmiyyətinə görə dünyada "Əsrin müqaviləsi" adı ilə tanınmış neft kontraktları ölkəmizin dinamik iqtisadi inkişafına güclü əsas yaratdı. Həmin günlə bağlı olaraq, Ulu öndərimizin 16 avqust 2001-ci il tarixli Fərmanı ilə 20 sentyabr hər il Azərbaycanda “Neftçilər günü” peşə bayramı kimi qeyd edilir.

Milli iqtisadiyyatın inkişafına mühüm töhfələr verən Azərbaycan neftçilərinə, onların əməyinə göstərilən yüksək dövlət qayğısı həmin insanların pensiya təminatının daim güclənməsində də öz təsdiqini tapır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiya ilə təmin olunanların 28,1 min nəfəri neft sənayesində çalışmış pensiyaçılardır. Onlara ödənilən pensiyaların məbləği ildən-ilə yüksəlir. Belə ki, hazırda Azərbaycanda neftçilərin orta aylıq pensiya məbləği 392,7 manata çatıb. Bu barədə məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsi yayıb.

Məlumatda qeyd olunur ki, neft sənayesinin ağır əmək şəraiti olan sahələrində çalışan vətəndaşlar üçün bir sıra imtiyazlar da qanunvericilikdə əksini tapıb. Belə imtiyazlardan biri kimi, neft sənayesinin ağır əmək şəraiti olan sahələrində çalışanlar yaşa görə əmək pensiyası hüququ qazanmaq üçün qanunvericilikdə müəyyən edilmiş yaş həddindən daha tez pensiyaya çıxmaq hüququna malikdirlər.

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ölkəmizdə sığorta-pensiya sistemində ən fəal iştirak edən bir qurumdur. Belə ki, şirkət fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanlarının sayına və məcburi dövlət sosial sığorta haqqının ödənişinə görə sığortaedənlər arasında ən böyük xüsusi çəkiyə malik olması ilə seçilir. Təkcə cari ilin yanvar-avqust aylarında ARDNŞ tərəfindən neft sahəsində çalışan sığortaolunanlar üzrə ümumilikdə 91 milyon manatdan çox məcburi dövlət sosial sığorta haqqının ödənilməsi təmin edilib.

 

DİGƏR Xəbərlər Arxiv