YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ronald Lauder: Azərbaycanda yəhudi icmasına hörmət və səmimi münasibət çox yüksək qiymətə layiqdir

Ümumdünya Yəhudi Konqresinin (ÜYK) prezidenti Ronald Lauderin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri başa çatıb. Nümayəndə heyətinə Konqresin baş icraçı direktoru Robert Zinger, vitse-prezidenti Qod Nisanov, Avrasiya Yəhudi Konqresinin prezidenti Yulius Maynl, Rusiya Yəhudi Konqresinin prezidenti Yuri Kanner, vitse-prezidenti German Zaxaryayev və ÜYK baş icraçı direktorunun diplomatiya üzrə müavini Maram Ştern daxil idi.

Beynəlxalq əlaqələr üzrə israilli ekspert Arye Qut Ümumdünya Yəhudi Konqresinin prezidenti Ronald Lauderdən AZƏRTAC üçün eksklüziv müsahibə alıb.

Ronald Lauder müsahibəsində vurğulayıb ki, Azərbaycanın dövlət başçısı ilə görüş dostluq və səmimilik şəraitində keçib. O deyib: “İlham Əliyev dünyada baş verən prosesləri yaxşı anlayan həqiqi liderdir. Son illərdə Prezident İlham Əliyevin əldə etdiyi uğurlar həm obyektiv amillər, həm də onun lider, dövlət xadimi və diplomat kimi yüksək şəxsi keyfiyyətləri ilə bağlıdır. Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasının bütün problemlərinə çox vaxt ayırır və onlara səmimi qəlbdən yanaşır”.

İsrail-Azərbaycan əməkdaşlığının perspektivlərinə toxunan R.Lauder vurğulayıb ki, bu münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. ÜYK prezidenti deyib: “Bu iki ölkə və iki xalq arasında münasibətlər çox gözəl və möhtəşəmdir. Həm də nəzərə alınmalıdır ki, Azərbaycan əhalisinin əksəriyyəti müsəlmanlardan ibarət ölkədir. Bu amil iki ölkə arasında əlaqələrdə çox vacibdir. Son illərdə İsrail və Azərbaycanın daha sıx əməkdaşlığı və yaxınlaşması hiss olunur. Bunu ikitərəfli münasibətlərin yeni mərhələsi adlandırmaq olar. Fikrimcə, əlaqələrin genişləndirilməsi və dərinləşdirilməsi hər iki ölkənin xeyrinə olacaq və qarşılıqlı maraqlara xidmət edəcək. İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana qarşıdakı səfərini əməkdaşlıq və tərəfdaşlığın möhkəmləndirilməsi üçün strateji əhəmiyyətli hesab edirəm”.

Azərbaycanda yəhudi icmasının həyatına dair təəssüratları barədə sualı cavablandıran R.Lauder deyib: “Azərbaycanda yəhudi həyatı ilə tanışlıq mənim üçün çox maraqlı oldu. Bilirəm ki, Holokost zamanı Azərbaycan öz canlarını və uşaqlarının həyatını faşizmdən xilas edən Avropa aşkenazi yəhudiləri üçün az sayda sığınacaqlardan biri olub. Bir vaxtlar “dağ yəhudiləri” anlayışı mənim üçün çox mücərrəd idi. Bu haqda çox eşitsəm də, heç vaxt dağ yəhudilərinin məskənlərini görməmişdim. Lakin Azərbaycana gəlib və Qubaya səfər etdikdən sonra Azərbaycan xalqı və rəhbərliyinin dağ yəhudilərinə səmimi və dost münasibətini gördüm.

Burada Prezidentin atası Heydər Əliyevin xüsusi rolunu və tarixi missiyasını qeyd etmək istəyirəm. O, ölkəsində sülhü və sabitliyi, dini icmalar arasında stabil münasibətləri təmin edib. Mən Qırmızı Qəsəbədəki gözəl sinaqoqa baş çəkdim. Orada məni və nümayəndə heyətimizi qarşılayan insanları görüb çox ruhlandım.

Sözün düzü, əhalisinin əksəriyyəti müsəlmanlardan ibarət olan ölkədə yığcam məskunlaşan yəhudi icmasını görmək mənim üçün gözlənilməz idi. Dünyada belə presedentlər mövcud deyil. Fikrimcə, Qırmızı Qəsəbə digər dövlətlər üçün əla nümunədir. Azərbaycan multikulturalizm sahəsində nailiyyətləri ilə fəxr edə bilər. Ümumdünya Yəhudi Konqresinin prezidenti olaraq, Azərbaycan xalqının və rəhbərliyinin yəhudi icmasına hörmətini və səmimi münasibətini çox yüksək qiymətləndirir və Azərbaycan Prezidentinə səmimi minnətdarlığımı bildirmək istəyirəm”.

Azərbaycan ilə Ümumdünya Yəhudi Konqresinin gələcək əməkdaşlıq formatına toxunan Ronald Lauder bildirib ki, bu formatın çox yaxşı zəmini var – Azərbaycan və İsrail arasında gözəl strateji münasibətlər.

“Azərbaycan və ABŞ arasında münasibətlərin möhkəmləndirilməsi istiqamətində işləmək lazımdır. Azərbaycanın uğurlu əməkdaşlıqda öz xüsusi yolu var. Son illərdə qazanılan uğurlar bu ölkənin rəhbərliyinin doğru yol tutduğunu sübut edir. Azərbaycan gələcəkdə də demokratik islahatların keçirilməsi və insan haqlarına dair vəziyyətin yaxşılaşdırılması üçün işləri davam etdirməlidir. Digər tərəfdən, uğurla inkişaf edən, öz dəyərlərinə malik və müasir dünyaya öz baxışı olan dünyəvi Şərq ölkəsini qınamaqla məşğul olmağa ehtiyac yoxdur”, - deyə ÜYK prezidenti vurğulayıb.

Azərbaycana səfəri zamanı Quba Soyqırımı Memorial Kompleksini də ziyarət etdiyini bildirən R.Lauder deyib: “Orada ikili hisslər keçirirdim. Bu faciə haqqında ya çox az, ya da faktiki heç nə bilmirdik. İlk dəfə idi ki, mənə Qubada baş verən soyqırımı barədə danışılırdı. Təəssüf ki, bu hadisələr haqqında indiyədək heç nə bilmirdim. Lakin səfərimin məqsədi Azərbaycanı anlamaq və bu ölkədə yəhudi icmasının real həyatını görmək idi. Burada yəhudi icmasına gözəl münasibət bəsləndiyinə şəxsən əmin oldum”.