YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Bişkekdə MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib

Sentyabrın 16-da Qırğızıstanın paytaxtı Bişkek şəhərində MDB Dövlət Başçıları Şurasının növbəti iclası keçirilib.

MDB-nin yaradılmasının 25 illiyinə təsadüf edən iclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edib.

Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.

Dövlət başçıları xatirə şəkli çəkdirdilər.

Sonra Prezident Almazbek Atambayev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Qırğızıstana gələn digər qonaqları qarşıladı.

Dövlət və hökumət başçıları birgə foto çəkdirdilər.

Əvvəlcə MDB Dövlət Başçıları Şurasının iclası məhdud tərkibdə keçirildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda çıxış etdi.

Sonra MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası oldu.

Dövlət Başçıları Şurasının iclasına gəldiklərinə görə tədbir iştirakçılarına təşəkkürünü bildirən Qırğızıstan Prezidenti Almazbek Atambayev MDB-nin 25 illiyi münasibətilə təbriklərini çatdırdı.

İclasda sentyabrın əvvəlində dünyasını dəyişən Özbəkistan Prezidenti İslam Kərimovun xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Bütün ölkələrə MDB-də islahatlarla bağlı keçirilən müzakirələrdə əldə edilən kompromisə görə minnətdarlığını ifadə edən Prezident Almazbek Atambayev bu gün dünyada hökm sürən və heç də asan olmayan vəziyyətdə dialoq üçün istənilən genişmiqyaslı meydançanın qorunub saxlanılmasının vacibliyini bildirdi. Qeyd etdi ki, bütün məsələlər yalnız kompromislər vasitəsilə öz həllini tapa bilər. Almazbek Atambayev 2017-ci il yanvarın 1-dən MDB Dövlət Başçıları Şurasına sədrliyin Rusiya Federasiyasına keçəcəyini diqqətə çatdırdı.

MDB-nin İcraiyyə Komitəsinin sədri Sergey Lebedev məhdud tərkibli iclasda Birliyin 25 illiyi ilə bağlı dövlət başçılarının Bəyanatının qəbul olunduğunu bildirdi. Diqqətə çatdırdı ki, iclasda, həmçinin MDB-nin müasir reallıqlara uyğunlaşdırılmasına dair qərar qəbul edilib, Birliyin fəaliyyəti ilə bağlı aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra iclasda sənədlərin imzalanması mərasimi oldu.

MDB Dövlət Başçıları Şurasının budəfəki iclasında siyasi sahədə qarşılıqlı fəaliyyət, humanitar əməkdaşlıq və təhlükəsizliyin təmin edilməsi sahələrində bir çox sənəd layihəsi nəzərdən keçirilərək qəbul olundu. İştirakçı ölkələrin təmsilçiləri Müstəqil Dövlətlər Birliyinin 25 illiyi ilə bağlı dövlət başçılarının Bəyanatını qəbul edərək təşkilatın müasir reallıqlara uyğunlaşdırılması məsələlərini Birliyin nizamnamə və müvafiq sahə orqanlarının fəaliyyətinin səmərəsinin artırılması kontekstində müzakirə etdilər. Bundan əlavə, iqtisadi əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi məqsədilə MDB ölkələrində 2020-ci ildə əhalinin siyahıyaalma raundunun keçirilməsi və regionlararası əməkdaşlığın inkişafı məsələlərinə baxılması da müzakirə mövzusu oldu. Qərara alındı ki, MDB Dövlət Başçıları Şurasının növbəti iclası 2017-ci ildə Moskvada keçirilsin.

Həmin gün axşam Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevin adından MDB dövlət başçılarının şərəfinə rəsmi qəbul təşkil olundu.

Azərbaycan Prezidenti İlham Əliyev rəsmi qəbulda iştirak etdi.