YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gəncə şəhərində “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupu qadın seçicilərlə görüş keçirib

Gəncə şəhərində “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupu təbliğat-təşviqat kampaniyası çərçivəsində bu gün qadın seçicilərlə görüş  keçirib.

YAP Gəncə şəhər Təşkilatında keçirilən görüşdə millət vəkilləri, ziyalı qadınlar, partiya fəalları, gənclər və ictimaiyyət  nümayəndələri, ümumilikdə 500 nəfərə yaxın seçici iştirak edib.

Tədbiri “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, millət vəkili Naqif Həmzəyev açıb. Naqif Həmzəyev ölkəmizin mühüm tarixi hadisə  ərəfəsində olduğunu bildirib. O, qeyd edib ki, Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi müasir dövrümüzün inkişaf perspektivlərini müəyyənləşdirir və insanların daha firavan həyat tərzini şərtləndirir: “Bu gün hansı sahəyə baxsaq, güclü Azərbaycanın və regionların sürətli tərəqqisi diqqət çəkir. Ölkəmizdə qazanılan nailiyyətlər, demokratik, hüquqi islahatlar sahəsində əldə edilən uğurlar, beynəlxalq aləmdəki nüfuz və digər sahələrdəki yüksəlişlər hər zaman yeniləşməni, təkmilləşməni bir tələb kimi qarşıya qoyur. Referendum Aktı ölkədə Azərbaycan Konstitusiyası tərəfindən təminat verilmiş demokratizmin inkişafını nəzərdə tutur ki, buraya vətəndaşların şəxsi həyatı haqqındakı məlumatların qorunması, öz hüquqlarını tələb etmək mexanizmlərinin gücləndirilməsi kimi məsələlər daxildir. Referendum Aktı vasitəsilə Azərbaycan Konstitusiyasına təklif olunan dəyişikliklər Azərbaycan dövlətçiliyini möhkəmləndirəcək, Azərbaycan vətəndaşının hüquqlarını genişləndirəcək, ölkənin beynəlxalq nüfuzunu daha da yüksəldəcək və dövlət müstəqilliyinin iyirmi beş illiyi ərəfəsində keçirilən ümumxalq səsverməsi yeni Referendum Aktının tarixi missiyasının gerçəkləşməsi istiqamətində xalqımızın siyasi-mənəvi iradəsini bir daha nümayiş etdirəcək. Prezident cənab İlham Əliyevin Konstitusiyaya təklif etdiyi dəyişikliklər dövlətimizin daha da güclü olması, xalqımız üçün daha geniş imkanların yaradılması baxımından çox önəmlidir. Sizləri Prezidentimizin ətrafında yumruq kimi sıx birləşməklə, 26 sentyabrda "Həmrəy olaq, Hə deyək!" devizinə dəstək olmağa səsləyirəm.” 

“Yeni Azərbaycan”  referendum üzrə təşviqat qrupu tərəfindən vəkil edilmiş şəxs, Milli Məclisin deputatı Musa Quliyev qadınlarla görüşün  xoş bir günə -Beynəlxalq Gözəllik Gününə təsadüf etdiyini vurğulayaraq, bütün qadın seçiciləri təbrik edib, onlara  gözəllik, gümrahlıq, sağlamlıq və cəmiyyətdə daha fəal olmağı arzulayıb.

Vitse-prezidentlik institutunun yaradılması  məsələsinə toxunan millət vəkili qeyd edib ki,  Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər siyasi sistemin daha da möhkəmləndirilməsi ilə yanaşı, müasir çağırışlara cavab verən idarəetmə modelini də yaratmış olacaq, Azərbaycanda çevik və radikal qərarlar qəbul etməyə imkan verən təkmil dövlət idarəçiliyi sistemi formalaşdırılacaq: “Vitse-prezidentlik institutu idarəçiliyin operativliyini daha da artıracaq, dövlətçiliyi möhkəmləndirəcək, Prezidentin qəbul etdiyi sərəncamların, fərman və qərarların hökumət tərəfindən vaxtında icra olunmasına nəzarəti artıracaq. Bu, hakimiyyətin daha möhkəm, davamlı olması, arıdıcıllığın gözlənilməsi üçün idarəetmədə çox vacib bir institutdur. Bütövlükdə, vitse-prezidentlik institutunun yaradılması Konstitusiyaya edilən dəyişikliklərin çox mühüm tərkib hissəsidir və Azərbaycan dövlətinin öz inkişafında artıq yeni bir mərhələyə qədəm qoymasından xəbər verir.”

Azərbaycanın böyük seçki təcrübəsinə malik olduğunu deyən AMEA-nın Gəncə Bölməsinin akademik katibi Fuad Əliyev qeyd edib ki, ölkəmizdə 25 il müddətində 6 prezident, 5 parlament, 4 bələdiyyə seçkiləri keçirilib. Hazırda Konstitusiyaya təklif edilən dəyişikliklər Azərbaycan cəmiyyətini indiki reallıqlara uyğunlaşdırmaq, ölkəmizi daha da irəli aparmaq məqsədi daşıyır. Bu dəyişikliklər eyni zamanda, insan hüquqlarının qorunmasına xidmət edir. Bu baxımdan düşünürəm ki, hər kəs sentyabrın 26-da seçkilərdə daha fəal olub, öz gələcəyinin inkişafına dəstək olacaq. Ölkəmizin geniş seçki təcrübəsi var və xalqımız dəfələrlə bu seçkilərdə fəal iştirak etməklə, azad sözünü açıq şəkildə  bildirmək imkanına malikdir. Bu baxımdan düşünürəm ki, bütün seçkiləri qələbə ilə başa vuran gəncəlilər sentyabrın 26-da keçiriləcək referendumda da  iştirak edib, müsbət rəylərini bildirəcəklər.

“Yeni Azərbaycan”  referendum üzrə təşviqat qrupu tərəfindən vəkil edilmiş şəxs, millət vəkili Pərvin Kərimzadə çıxışında  Azərbaycan qadınlarının cəmiyyətdə aparıcı qüvvə olduğuna diqqət çəkərək, onların dünyanın ən mötəbər məclislərində öz sözlərini cəsarətlə bildirdiklərini, Azərbaycanı şərəf və ləyaqətlə təmsil etdiklərini dilə gətirib.Vurğulayıb ki, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, Azərbaycan qadınlarının lideri Mehriban xanım Əliyevanın misilsiz xidmətləri, yorulmaz fəaliyyəti dünya qadınlarına örnəkdir. Millət vəkili onu da deyib ki, qadınlarımızın ağıllı mövqeyinə,  müdrik addımlarına, yüksək fəallığına inanırıq.

Ümumiyyətlə, qadın həm də anadır, tərbiyəçidir və cəmiyyətdə fəal mövqe sahibidir. Çünki o, övladlarının xoşbəxtliyi, səadəti haqqında düşünür, cəmiyyətin yüksəlişi naminə addımlar atır. Gəncəli xanımlar hər zaman ulu öndər Heydər Əliyevin siyasətini sədaqətlə dəstəkləyiblər, Azərbaycan Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşiblər. Pərvin Kərimzadə bütün qadınları  sentyabrın 26-da seçki məntəqəsinə səsləyərək, müstəqilliyimizin əbədiliyinə, sarsılmazlığına, Vətənimizin daha da güclü və qüdrətli olmasına səs verməyə çağırıb.