YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Yeni Azərbaycan” təşviqat qrupunun İmişli rayon şöbəsi təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüş keçirib

Sentyabrın 7-də “Yeni Azərbaycan” təşviqat qrupunun İmişli rayon şöbəsi təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüş keçirib.

Görüşü giriş sözü ilə açan “Yeni Azərbaycan” təşviqat qrupunun İmişli rayon şöbəsinin rəhbəri, Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının sədri Səfa Ağayev Referendum Aktı haqqında məlumat verib. Diqqətə çatdırıb ki, “Yeni Azərbaycan” təşviqat qrupunun İmişli rayon şöbəsi bu prosesdə öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir. S. Ağayev əmin olduğunu bildirib ki, seçicilər ölkəmizin inkişafına xidmət edən Konstitusiya islahatlarını dəstəkləyir, Əsas Qanuna əlavə və dəyişikliklərin edilməsi müsbət qarşılanır: “Yeni çağırışlar və reallıqlar Konstitusiya islahatlarının həyata keçirilməsini zəruri edir və hesab edirəm ki, 26 sentyabr tarixində keçiriləcək referendum bu baxımdan müstəsna əhəmiyyət daşıyır”.

Çıxış edən “Yeni Azərbaycan” təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, Konstitusiya islahatları milli inkişafa və dövlətin qüdrətinin artmasına xidmət edir: “Referendum Aktının layihəsində əksini tapan məsələlər bir çox sahələrdə müasir dövrün çağırışlarına cavab verən islahatların həyata keçirilməsini təmin edəcək.  Bu əlavə və dəyişikliklər ölkəmizin inkişafında yeni mərhələnin başlanğıcı olacaq”.

Millət vəkili əlavə edib ki, qarşıdakı hədəflərə çatmaq üçün Konstitusiya islahatları zəruridir: “Bu dəyişikliklər bir çox sahələrdə yeni keyfiyyət standartının yaranmasına səbəb olacaq. Bütövlükdə isə, Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər hüquqların etibarlı təminatçısı olacaq, idarəetmə sisteminin daha da təkmilləşməsinə mühüm töhfələr verəcək”.

“Ümumxalq səsverməsi-referenduma çıxarılan məsələlər sosial məzmunu ilə də diqqəti çəkir. Belə ki, referendum Aktı layihəsində vətəndaşları maraqlandıran çoxsaylı məsələlər sırasında insan ləyaqətinin qorunması, özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququ, bələdiyyələrin məsuliyyəti, fiziki və əqli qüsurlu şəxslərin hüquqlarının Konstitusiyada təsbit olunması, bank-maliyyə sisteminin idarə olunması və digərləri də yer alır. Bu isə islahatların məhz dövlətçilik maraqlara və xalqın mənafeyinə xidmət etdiyini göstərir”,-deyə Milli Məclisin deputatı Hikmət Babaoğlu vurğulayıb.

Millət vəkili Əsabil Qasımov isə deyib ki, Konstitusiyaya əlavə və dəyişikliklərlə əlaqədar ümumxalq səsverməsi – referendumun keçirilməsi məhz ölkəmizdə müxtəlif sahələri əhatə edən islahatların məntiqi davamıdır: “Konstitusiya dəyişiklikləri inkişafa, sabitliyə və bütövlükdə, ölkənin gələcəyinə xidmət edir. Ona görə də seçicilər görüşlər zamanı bu dəyişikliklərə öz müsbət münasibətlərini ifadə edir, islahatların xalqın və dövlətin maraqlarına xidmət etdiyini əminliklə söyləyirlər”.

Görüşdə çıxış edən seçicilər sentyabrın 26-da referendum aktına səs verəcəklərini bildiriblər.