YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldar İbrahimov: Sosial sifarişlər və dövrün tələbləri nəzərə alınaraq, Konstitusiyaya dəyişikliklərin edilməsi həm zəruri, həm də faydalıdır

«Bildiyiniz kimi Azərbaycan Prezidenti İlham Əliyev Konstitusiyaya üçüncü dəfə dəyişikliyin edilməsi məqsədilə təşəbbüs irəli sürmüşdür. Sosial sifarişlər və dövrün tələbləri nəzərə alınaraq, Konstitusiyaya dəyişikliklərin edilməsi həm zəruri, həm də faydalıdır. 2009-cu ildə keçirilmiş referendumdan sonra keçən 7 il ərzində Azərbaycanda baş verən əsaslı dəyişikliklər, yeni qlobal çağırışlar Azərbaycan Konstitusiyasının bu tələblərə uyğunlaşdırılmasını zəruri edir». Bu fikirləri yap.org.az saytına “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupu tərəfindən təyin edilmiş səlahiyyətli nümayəndə, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.

E.İbrahimov bildirib ki, Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında hazırlanmış əsas qanunumuz – Konstitusiyamız 1995-ci il noyabr 12-ə təyin olunmuş referendumda qəbul edilib. Ötən dövrdə Konstitutsiyaya zəruri dəyişikliklərin edilməsi 2002, 2009-cu illərdə referendum yolu ilə baş verib. Bu il sentyabrın 26-na təyin edilmiş referenduma Azərbaycan Respublikasının Konstitusiyasının 23 maddəsində dəyişiklik edilməsi və 6 yeni maddənin əlavə edilməsi təklif edilib.

«Böyük əminliklə qeyd etmək istəyirəm ki, Referendum Aktında nəzərdə tutulan bütün təkliflər Konstitusiyanın 12-ci maddəsinnin birinci hissəsinə tam uyğundur və onun həyata keçirilməsinə təminat verir. Konstitusiyanın 12-ci maddəsinin birinci hissəsində deyilir: “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyaya təklif olunan bu dəyişikliyi dərindən təhlil etdikdə aydın olur ki, nəzərdə tutulan dəyişikliyin əsas mahiyyəti insan hüquq və azadlıqlarının qorunması mexanizminin təkmilləşdirilməsi, dövlətin öz üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirməsinə zəmin yaratması ilə əlaqədardır. Ona görə də mən Referendum aktında nəzərdə tutulan təkliflərin hamısını bütövlükdə dəstəkləyirəm və hesab edirəm ki, bu dəyişikliklər respublikamızın demokratik və hüquqi dövlət quruculuğu istiqamətində irəliyə atdığı ən uğurlu addımlardan biridir»- deyə, YAP İdarə Heyətinin üzvü vurğulayıb.