YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Yeni Azərbaycan” təşviqat qrupu Masallıda ilk dəfə səs verəcək seçicilərlə görüş keçirib

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı aparatında “Yeni Azərbaycan” təşviqat qrupunun Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı ilk dəfə səs verəcək seçicilərlə görüşü keçirilib. 

“Həmrəy olaq, hə deyək!” devizi ilə keçirilən görüşü giriş sözü ilə açan YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev Ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə son 13 ildə qazanılan böyük uğurlardan, demokratik dövlət quruculuğu prosesində geniş islahatlardan, ölkəmizin dünya miqyasında artan nüfuzundan, bütün sahələrdə sürətli tərəqqidən, regionların inkişafı fonunda Masallının da yeni mərhələdəki intibahından, gündən-günə çiçəklənməsindən və gözəlləşməsindən bəhs edib. Seyfəddin Əliyev  bildirib ki, 26 sentyabrda keçiriləcək ümumxalq səsverməsi ölkəmizin siyasi həyatına, idarəetmə orqanlarının fəaliyyətinə mühüm töfhələr verməsi baxımından zəruridir və ölkəmizin sürətli tərəqqisinə dəstək verəcək: “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” deyən möhtərəm Prezidentimizin yorulmaz fəaliyyətinin əsas meyarı Azərbaycan vətəndaşlarının maraqları, mənafeyi, ölkəmizin dünya miqyasında qüdrətlənməsi, sürətli tərəqqisidir”.

Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı seçicilərə geniş məlumat verən Seyfəddin Əliyev bildirib ki, ölkə vətəndaşlarının böyük əksəriyyəti bu əlavə və dəyişikliklərə yekdilliklə səs verəcək. Çünki bu, ölkəmizə yeni inkişaf tendensiyası gətirəcək.

 

Görüşdə çıxış edən Milli Məclisin deputatı Nəriman Əliyev Konstitusiyaya nəzərdə tutulan əlavə və dəyişikliklərin tarixi zəruriliyindən danışıb. Nəriman Əliyev bildirib ki, bu dəyişikliklər bir çox sahələrdə yeni keyfiyyət standartının yaranmasına səbəb olacaq: “Hazırda Azərbaycan çox ciddi hüquqi-siyasi hadisə ərəfəsindədir. Sentyabrın 26-da ölkəmizdə ümumxalq səsverməsi-referendum keçiriləcək. Konstitusiya ilə bağlı 29 məsələ vətəndaşların müzakirəsinə təqdim olunacaq ki, onlardan 23-ü dəyişikliklər, 6-sı isə əlavələrdir. Təklif edilən əlavə və dəyişikliklər bir çox istiqamətləri əhatə edir. Referendum Aktı layihəsində əksini tapan məsələlər sahibkarlıq, insan hüquqları, təhlükəsizlik, idarəetmə və digər sahələrdə müasir dövrün çağırışlarına cavab verən islahatların həyata keçirilməsini təmin edəcək. Bu, sadalanan istiqamətlər yeni keyfiyyət dəyişikliklərinin yaranmasına səbəb olacaq”. Millət vəkili qeyd edib ki, gələcəkdə Azərbaycanda daha optimal idarəetmənin şahidi olacağıq, həmçinin insan hüquq və azadlıqlarının daha effektiv təminatını görəcəyik.

Gənc YAP üzvü Sahib Əmirəliyev, ilk dəfə səs verəcək seçicilərdən Rəqsanə Ağayeva və başqaları çıxış edərək bildirdilər ki, 26 sentyabr 2016-cı il tarixdə keçiriləcək referendumda Azərbaycan Respublikasının Konstitusiyasında dəyişiklik edilməsi haqqında Referendum Aktı layihəsinə bir gənc olaraq “hə” deyəcəklər.