Xəbərlər
Ağalar Vəliyev: Azərbaycanı qarşıda daha möhtəşəm uğurlar gözləyir

«Milli Konstitusiyamızın qəbulundan bizləri 21 illik zaman fasiləsi ayırır. Bu müddət ərzində iki dəfə -2002 və 2009-cu illərdə Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi keçirilib». Bu fikirləri yap.org.az saytına müsahibəsində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini, “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun vəkili Ağalar Vəliyev deyib.
A.Vəliyev bildirib ki, 2009-cu ildən bu günə qədər ölkəmizin ayrı-ayrı sahələrdə qazandığı uğurlar, əldə etdiyi təcrübə göz qabağındadır. Onun sözlərinə görə, siyasi və iqtisadi islahatların vəhdətliyinin qorunması fonunda Azərbaycan davamlı uğurları ilə diqqət çəkməkdədir.
«Bu nailiyyətlərə diqqət yetirmək kifayətdir ki, Konstitusiyaya nəzərdə tutulan əlavə və dəyişiklikləri zərurətə çevirən amillər barədə aydın təsəvvür yaransın. Konstitusiyada əksini tapan «Dövlətin ali məqsədi» maddəsində qeyd olunduğu kimi, insan hüquq və azadlıqlarının qorunması, yüksək rifahın təmin olunması dövlətin ali məqsədidir. Məhz bu məqsəddən irəli gələrək, insan amili dövlət siyasətinin əsasında dayanır. Hər bir yeniləşmənin, təkmilləşmənin əsasında dövlətin bu məqsədi özünün aydın ifadəsini tapır. Bu gün Azərbaycan daha sürətli inkişaf mərhələsindədir və bu inkişaf tempinin istənilər qanunda, Konstitusiyada əksini tapması yeniləşməyə, qanunlarımızın yeni standartlara, tələblərə uyğunlaşdırılmasına ehtiyac yaradır. Yeni-yeni hədəflər möhtərəm Prezidentimiz İlham Əliyevin proqram xarakterli hər bir çıxışrının əsasında dayanan bu fikrin təsdiqidir: « Əldə olunan uğurlarla kifayətlənməməli, daim irəliyə baxmalıyıq». Ən yüksək zirvələri fəth edən Azərbaycanı qarşıda daha möhtəşəm uğurlar gözləyir»- deyə, A.Vəliyev vurğulayıb.