YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Yeni Azərbaycan” təşviqat qrupunun Səbail rayon şöbəsi seçicilərlə görüş keçirib

“Yeni Azərbaycan” təşviqat qrupunun Səbail rayon şöbəsi seçicilərlə görüş keçirib.

YAP Səbail rayon  təşkilatının qərargahında baş tutan tədbirdə rayon seçiciləri, partiya veteranları, ziyalılar və gənclər iştirak ediblər.

“Yeni Azərbaycan” təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, millət vəkili Şəmsəddin Hacıyev yığıncaq iştirakçılarını salamlayaraq, ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən bu məsul təşviqat kampaniyasının başlanması münasibətilə hər kəsi təbrik edib. O bildirib ki,  Konstitusiyaya ediləcək əlavə və dəyişikliklər ölkəmizin ictimai siyasi həyatında çox mühüm əhəmiyyət kəsb edir: “Bu gün Azərbaycan yeni inkişaf dövrünə qədəm qoyub, ölkədə post-sənaye, bilik cəmiyyəti, və biliklərə əsaslanan iqtisadiyyat formalaşır. Bir sözlə, Azərbaycanda yeni müasir cəmiyyət  tipi formalaşır.  Böyük fərəh hissi ilə qeyd edə bilərik ki, ölkəmiz ötən 7 il ərzində  bəlkə də 15 ilə sığmayacaq uğurlar, nailiyyətlər əldə edib. Ölkəmiz inkişaf etdikdə qanunda müvafiq dəyişikliklərin edilməsinə zərurət yaranır. Hazırda ümumxalq müzakirəsinə təqdim olunan referendum aktının 29 maddəsinə edilən 39 düzəliş cəmiyyətdə ciddi müzakirələrə səbəb olacaq. Çünki, burada nəzərdə tutulan hər bir məqam məhz dövlətçiliyimizin və dövlətimizin daha da inkişafına istiqamətlənib”.

 Çıxışının sonunda Ş.Hacıyev hər kəsi referendumda fəal iştirak etməyə çağıraraq, bu işdə hamıya uğurlar arzu edib.

“Həmrəy olaq, hə deyək” devizi ilə keçirilən görüşdə çıxış edən seçicilər Referendumda ediləcək dəyişiklik və əlavələrlə tanış olduqlarını və bu dəyişiklikləri dəstəklədiklərini bildirərək, seçki prosesində aktiv iştirak edəcəklərini qeyd ediblər.