YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dünya çempionu Hou Yifan: Bakı Şahmat Olimpiadası yüksək təşkilatçılıq səviyyəsi ilə xatirəmdə qalacaq

Çin yığma komandasının tərkibində 2006-cı ildən çıxış edirəm. On il ərzində 6 olimpiadada iştirak etmişəm. Ümumdünya Şahmat olimpiadaları digər yarışlarla müqayisədə möhtəşəmliyi ilə fərqlənir. Bakı Olimpiadası isə yüksək təşkilatçılıq səviyyəsi ilə xatirəmdə qalacaq.

Bu sözləri 42-ci Ümumdünya Şahmat Olimpiadasında çıxış edən qadınlar arasında dünya çempionu, çinli Hou Yifan deyib.

H.Yifan komanda yarışının şəxsi turnirlərdən çox fərqləndiyini bildirərək deyib: “Olimpiadada şahmatçılar komandaların tərkibində mübarizə aparırlar. Burada şəxsi nəticələrimiz deyil, komanda yoldaşlarımızın nailiyyəti də önəmlidir. Bu yarışda təkcə özümüzü deyil, komanda yoldaşlarımızı da düşünmək lazımdır. Həmçinin onların nəticələrini də nəzərə almaq məcburiyyətindəyik”.

Bakıya qələbə üçün gəldiyini bildirən Hou Yifan bildirib: “Hər bir yarışa uğurlu nəticə üçün qatılırıq. Bu yarış da onlardan biridir. Olimpiadanın sərgi salonu ilə tanış oldum. Burada uşaqlar üçün yaradılmış oyun zonası çox xoşuma gəldi. Həmçinin sərgidə şahmatla bağlı nadir eksponatlar, müxtəlif tarixi yarışlarla bağlı plakatları da izlədim. Batumidə təşkil olunacaq növbəti olimpiadanın stendi ilə də tanış oldum. Burada gördüklərim məndə xoş təəssürat yaratdı”.