YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan idmançıları Qırğızıstanda keçiriləcək beynəlxalq yarışda iştirak edəcəklər

Sentyabrın 3-7-də Qırğızıstanın Çolpon-Ata şəhərində ikinci Dünya Köçəri Oyunları keçiriləcək.

Gənclər və idman naziri Azad Rəhimovun başçılıq etdiyi nümayəndə heyəti bu tədbirdə iştirak edəcək.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, tədbir çərçivəsində qonaqlar üçün “Kırçın” vadisində “Köçməndər Aalamı” festivalı baş tutacaq. Festivalda Qırğızıstanın 300-ə yaxın müxtəlif region və şəhərlərinin milli mətbəxi, adətləri, dekorativ atributları və digər maraqlı nümunələri təqdim olunacaq.

Bununla yanaşı, sentyabrın 5-7-də tədbir iştirakçılarının “WorldNomadFest 2016” festivalı çərçivəsində etnomoda, etnoxit və etno rəqslər istiqaməti üzrə çıxışları olacaq.

Ümumilikdə Oyunlarda 53 ölkədən 23 idman növü üzrə 2 min idmançının iştirakı nəzərdə tutulub.

Azərbaycan bu yarışa 9 idman növü üzrə 38 idmançı, 6 hakim, 5 məşqçi və 3 musiqiçi ilə qatılır.

İdmançılarımız öz qüvvələrini milli güləş, alış güləşi, aba güləşi, türkmən güləşi, qazax güləşi, qırğız güləşi, mas-reslinq, er-eniş (at üstündə güləş) və ənənəvi kamandan oxatma idman növlərində sınayacaq.

Tədbirin açılış mərasimi və yarışlar Çolpon-Ata şəhər hippodromunda keçiriləcək.