YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Asiya-Avropa siyasi forum təşəbbüsü iki qitə arasında qarşılıqlı anlaşmanın daha da möhkəmlənməsinə töhfə verəcəkdir

Məlum olduğu kimi, Yeni Azərbaycan Partiyası nümayəndə heyəti Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) 1-4 sentyabr tarixlərində Malayziyanın paytaxtı Kuala-Lumpurda keçirilən 9-cu Baş Assambleyasında iştirak edir.

Nümayəndə heyətinin rəhbəri YAP Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Sevinc Fətəliyeva assambleyada çıxış edib. İCAPP-ın fəaliyyət göstərdiyi illər ərzində əldə etdiyi uğurlardan bəhs edən S.Fətəliyeva “Vahid Asiya” şüarı altında keçirilən Assambleyanın gündəliyində yer alan təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması, ekstremizm və terrorizmlə mübarizə, siyasi məsələlər, qadın haqları, gənclərin hüquqları, iqlim dəyişikliyi və təbii fəlakətlər, media azadlığı və insan alveri, yoxsulluq və iqtisadi məsələlər və digər aktual mövzuların bütün dünyanı narahat edən problemlər olduğunu bildirib: “Eyni zamanda, biz daim yeni hədəflər müəyyənləşdirmək istiqamətində irəliləyirik. Bu baxımdan, İCAPP Mədəniyyət Şurasının aktual və zəruri təşəbbüslərini tam dəstəkləyirəm. Həmçinin, İCAPP-ın BMT ilə əməkdaşlığı da yüksək qiymətləndirilməlidir. Asiya-Avropa siyasi forum təşəbbüsü isə iki qitə arasında qarşılıqlı anlaşmanın daha da möhkəmlənməsinə töhfə verəcəkdir”.

Terrorizm və radikalizmin bütün bəşəriyyəti hədələdiyini bildirən YAP nümayəndəsi Azərbaycanın üzləşdiyi işğal faktorundan, eləcə də ölkəmizin beynəlxalq sülhə və təhlükəsizliyə verdiyi töhfələrdən bəhs edib: “Terrorizm, ekstremizm, işğal və qaçqınlar kimi anlayışlar Azərbaycana çox tanışdır. 20 ildən çoxdur ki, Dağlıq Qarabağ və 7 ətraf rayon Ermənistan hərbi birləşmələrinin işğalı altındadır. İşğalın nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, Azərbaycanın Dağlıq Qarabağdakı mədəni irsi məhv edilib. Bu gün də atəşkəs pozulur, cəbhəyanı ərazilərdə dinc azərbaycanlı sakinlər həlak olur, mülki obyektlər və infrastruktur dağıdılır. Lakin müharibə şəraitinə baxmayaraq, Azərbaycan təhlükəsiz, siyasi və iqtisadi cəhətdən stabil ölkədir. Azərbaycanın tolerantlıq və multikulturalizm mühitində müxtəlif etnik və dini mənsubiyyətə malik olan insanlar əsrlər boyu qardaş kimi birlikdə sülh şəraitində yaşayırlar. 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan olunub. Biz inanırıq ki, qarşılıqlı hörmət və anlayış sülhün, təhlükəsizliyin və sabitliyin təşviqinə yardım edir. Bunlarla yanaşı, Azərbaycan beynəlxalq terrorizmlə mübarizədə fəal iştirak edir. İnanıram ki, hamımız dərk etməliyik ki, müəyyən bir ölkənin vətəndaşı olmaqla yanaşı, biz həm də dünyanın bir parçasıyıq. Ona görə də problemlər, münaqişələr dialoq, anlaşma və beynəlxalq hüquqa hörmət əsasında həll olunmalıdır”.