YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səlim Müslümov: Ölkəmizdə demoqrafik vəziyyət müsbətə doğru xeyli dəyişib

«Azərbaycanda  demoqrafik vəziyyət son 13 il ərzində müsbətə doğru xeyli dəyişib. Əhalinin sayı 2003-cü ilin əvvəlindən indiyə qədər 18 faiz artıb». Bu fikirləri əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. 

S.Müslümov bildirib ki, əhalinin hər min nəfərinə nisbətdə doğulanların sayı da surətlə artıb. Onun sözlərinə görə, əgər 2003-cü ildə hər min nəfərə doğulanların sayı 14 nəfər idisə, ötən il bu 17,4 nəfər olub.

«Bununla belə müəyyən problemlər də var. Əsas problemlərdən biri doğulanların cins tərkibində nisbətin mənfiyə doğru pozulmasıdır. 1990-cı illərdən başlayaraq doğulanların içərisində oğlan uşaqlarının sayı surətlə artmağa başladı. Hətta 1998-ci ildə bu rəqəm hər yüz qız uşağına 118 oğlan uşağının doğulmasına gətirib çıxardı.Ondan sonra müəyyən qədər azalmalar baş verib və ötən altı ayda bu, 114-ə düşüb. Amma yenə də yüksək göstəricidir. Çünki dünyada qəbul edilən normativ hər yüz qız uşağına 105-107 oğlan uşağının doğulmasıdır. Qonşu ölkələrin bəzilərində İran, Türkiyədə bu normativ qorunur. Amma  Qafqaz ölkələrində rəqəmlər böyükdür. Bu, onu göstərir ki, regionun müəyyən mental xüsusiyyətləri var, bunlar nəzərə alınmaldır. Bu istiqamətdə nazirlik BMT-nin Əhali Fondu ilə sıx işləməyə başlayıb. Ölkənin 10 rayonunda “Qız uşaqları hər bir ailənin xoşbəxt gələcəyinə təminat verir” kimi billboardlar yerləşdirməyi nəzərdə tuturuq. Bu, prosesin başlanğıcı olacaq»- deyə, nazir vurğulayıb.