YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

“Müdrik müəllimimiz. Zahid Qaralov-80” kitabı görkəmli alim və ictimai-siyasi xadimin həyat yoluna işıq salır

Müasir dünyamızda ömür yolu anbaan sözə çevrilərək ağ vərəqlərə köçürülən, bir sözlə, ömrü kitablaşan elə insanlar var ki, onların haqqında oxuduqca belə şəxsiyyətlərin müasiri olmağından qürur duyur, iftixar hissi keçirirsən.

Belə insanların həyat yolu çoxlarına nümunədir. Bu kitabları oxuyan hər kəs təkcə o şəxsiyyətləri tanımaqla, sevməklə kifayətlənmir, həm də onların ömür kredosundan lazımi dərslər götürür, həyatını o cür, zəhmət, halallıq, düzlük üzərində qurmağa çalışır.

“Təhsil” nəşriyyatının mətbəəsində yenicə çapdan çıxmış nəfis tərtibatlı “Müdrik müəllimimiz. Zahid Qaralov-80” kitabında da məhz belə dəyərli şəxsiyyətlərdən birinin həyat və fəaliyyətindən söhbət açılır.

Yeni kitab YAP İdarə Heyətinin üzvü, görkəmli alim, pedaqoji elmlər doktoru, professor, Moskvadakı Beynəlxalq Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki, tanınmış ictimai-siyasi xadim Zahid Qaralovun anadan olmasının 80 illik yubileyinə həsr edilmişdir.

Bu dəyərli topluda Zahid Qaralovun alim həmkarlarının, tələbələrinin və yaxın dostlarının yubilyar barədə ürək sözlərini, arzu və istəklərini əks etdirən məqalələr toplanmışdır. Yeni nəşrdə yer alan yazılarda Zahid Qaralovun bioqrafiyası, həyat yolu, 60 illik elmi-pedaqoji, ictimai-siyasi fəaliyyətinin əsas parametrləri öz əksini tapmışdır.

Kitab ulu öndər Heydər Əliyevin 1999-cu il iyulun 10-da Zahid Qaralovun anadan olmasının 65-ci ildönümü münasibətilə yubilyara ünvanladığı təbrik məktubu ilə açılır.

Nəşrə “Ön söz”ün müəllifi olan yubilyar yazır: “Mən çox sadə, adi həyat yaşamışam. Alimlərdən, ictimai-siyasi xadimlərdən, həyat hadisələrindən dərs almışam və bu dərsləri özümdən sonra gələnlərə doğru-düzgün ötürməyə çalışmışam. Keçmişimizlə gələcəyimiz arasında möhkəm körpü yaratmışam. Heç kəsi incitməmişəm. Kimə nə etmişəmsə, bunu özümə borc bilib etmişəm. Heç kəs mənə borclu deyil. Təmtəraqlı məclisləri sevməmişəm. Heç vaxt var-dövlət toplamağa meyl göstərməmişəm. Ulu öndər Heydər Əliyevin dediyi kimi, həyatda nəyə nail olmuşamsa, Allahıma, xalqıma və öz zəhmətimə minnətdaram. Mənim ən böyük dövlətim təmiz nəfsli, yüksək mənəviyyatlı, ağıllı övladlarım, qədirbilən alim tələbələrim, müxtəlif kollektivlərdə birgə çalışdığım gözəl insanlar, dostlarım, qohumlarım, Azərbaycan ziyalılarıdır”.

Pedaqogika üzrə fəlsəfə doktoru Sabir Tağıyev, Adilə İbrahimova və Aysel Abdullayeva tərəfindən tərtib edilən bu kitabın elmi redaktoru pedaqogika üzrə fəlsəfə doktoru Gülnarə Qaralovadır.

 

DİGƏR Xəbərlər Arxiv