YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ziyad Səmədzadə: Qədim İpək Yolu nəqliyyat dəhlizində Azərbaycanın fəaliyyəti dövlətimizin iqtisadi təhlükəsizliyinin möhkəmləndirilməsi üçün çox vacib amildir

«Strateji ticarət marşrutu olan Yeni İpək Yoluna zəngin mədəni və tarixi dəyərləri, ənənələri olan ölkələrin ərazisindən keçən böyük turizm marşrutu kimi baxılmalıdır». Bu fikri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Z.Səmədzadə bildirib ki, Böyük İpək Yolunun bərpası magistral boyunca iqtisadi inteqrasiya və ticarətin liberallaşdırılmasını nəzərdə tutur. Onun sözlərinə görə, hər ölkənin inkişafında elə tarixi hadisələr olur ki, onlar əsrlər boyu fayda gətirir, gəlir mənbəyi olur, daimi iş yerlərinin yaradılmasına kömək edir, səmərəli inteqrasiya əlaqələrinin əsasını qoyur.

«Qədim İpək Yolu Azərbaycan üçün məhz belə amildir. Qədim İpək Yolu nəqliyyat dəhlizində Azərbaycanın fəaliyyəti dövlətimizin iqtisadi təhlükəsizliyinin möhkəmləndirilməsi, onun iqtisadi qüdrətinin artırılması üçün çox vacib amildir. Qədim İpək Yolu nəqliyyat dəhlizinin mərkəzində Azərbaycan durur və bu ölkə çox mühüm geosiyasi və geoiqtisadi mövqe tutur. Şübhəsiz, Bakı Beynəlxalq Dəniz Limanının, donanmanın, Xəzər Dəniz Gəmiçiliyinin sahil obyektlərinin, Azərbaycan Dəmir Yollarının və Azərbaycan Hava Yollarının yeniləşdirilməsi, texniki təchizatın dünya standartlarına çatdırılması respublikamızın inkişafına çox güclü təkan verəcək. Bütün bunlar ölkəmizin iqtisadiyyatını şaxələndirməklə yanaşı, onun tranzit imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək»- deyə, komitə sədri vurğulayıb.