YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Rio-2016”nın 13-cü günündə Azərbaycanın 5 atleti 4 idman növündə mükafatlar uğrunda yarışacaq

“Rio-2016” Olimpiya Oyunlarının növbəti yarış günündə - avqustun 18-də Azərbaycanın beş atleti mükafatlar uğrunda mübarizəyə qoşulacaq.

Əvvəlcə kanoeçi Valentin Demyanenko mübarizəyə başlayacaq.

Otuz üç yaşlı idmançı Bakı vaxtı ilə saat 16:23-də birnəfərlik qayıqla (C-1) 200 metr məsafəyə final yürüşündə iştirak edəcək. Onun rəqibləri çinli Qianq Li, ispaniyalı Alfonso Benavides Lopes de Ayala, fransalı Tomas Simar, gürcüstanlı Zaza Nadiradze, braziliyalı İsakias Keyruş dos Santos, Azərbaycan yığmasının sabiq üzvü, hazırda Rusiyanı təmsil edən Andrey Kraytor və 2012-ci il London Yay Olimpiya Oyunlarının qalibi Yuri Çeban olacaq.

Saat 17:11-də isə kayakçı İnna Osipenko-Radomskaya birnəfərlik qayıqla (K-1) 500 metr məsafəyə final yürüşündə qüvvəsini sınayacaq. Onun rəqibləri çinli Yu Ju, yeni zelandiyalı Liza Karrinqton, danimarkalı Emma Yorgensen, almaniyalı Frantsişka Veber, belaruslu Marina Litvinçuk, macarıstanlı Danuta Kozak və serbiyalı Dalma Ruziçiç Benedek olacaq. “London-2012”də bu məsafədə qızıl medalı Kozak qazanıb. Osipenko-Radomskaya daha öncə 200 metr məsafəyə yürüşdə bürünc medal qazanıb. Son iki olimpiadada qızıl medal qazanmış Karrinqton yenə Azərbaycan təmsilçisinin əsas rəqibləri arasında yer alır. Kayakçımız yenidən medal qazansa, eyni olimpiadadan iki medalla qayıdan ilk idmançı kimi ölkəmizin tarixinə düşəcək.

Saat 17:24-də qadın güləşçimiz Natalya Sinişin 53 kiloqram çəkidə mübarizəyə başlayacaq. Onun rəqibi son üç olimpiadanın qalibi və 13 qat dünya çempionu, yaponiyalı Saori Yoşida olacaq. Təsəlliverici görüşlər saat 23:00-da, medal görüşləri saat 00:00-da başlanacaq.

Saat 18:00-da triatlonçu Rostislav Pevtsov start xəttinə çıxacaq. Əlli altı idmançı 1,5 kilometr məsafəni üzüb keçdikdən sonra 43 kilometrlik yolu velosipedlə qət edəcək. Sonra isə 10 kilometr qaçaraq finişə çatacaqlar. Ukraynalı legioner “Bakı-2015” birinci Avropa Oyunlarında bürünc medal qazanıb.

Saat 22:00-da boksçu Kamran Şahsuvarlı 75 kiloqram çəki dərəcəsində yarımfinal döyüşündə kubalı Arlen Lopeslə üz-üzə gələcək. Lopes 2015-ci il dünya çempionatı və Panamerika Oyunlarının qalibi olub. Şahsuvarlı isə gözlənilmədən finalın bir addımlığına çataraq, ən azı bürünc medalı təmin edib.