YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vladimir Putin: Azərbaycan Rusiya üçün mehriban qonşu və mühüm tərəfdaşdır

Avqustun 8-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə üçtərəfli Zirvə görüşündə üçtərəfli görüşün təşkil edilməsi təşəbbüsünə görə Prezident İlham Heydər oğlu Əliyevə təşəkkürünü bildirmiş və qeyd etmişdir: “Azərbaycan və İran Rusiya üçün mehriban qonşular və mühüm tərəfdaşlardır. Biz bir-birimizlə səmərəli əməkdaşlıq üzrə zəngin təcrübə toplamışıq. Sözsüz ki, bu gün biz münasibətlərimizdə yeni səhifə açırıq, üçtərəfli formatda qarşılıqlı fəaliyyətə start veririk. Bizim fikrimizcə, bu cür formata ehtiyac olması aşkardır. Üç ölkəni birləşdirən əsas amil geniş əhatəli regional və qlobal məsələlərə yanaşmanı əlaqələndirməyə hazır olmağımız, ticari-iqtisadi sahədə çoxplanlı praktiki əməkdaşlığı bundan sonra da genişləndirmək istəyimizdir. Onu da qeyd edim ki, bütün dövlətlər, hər halda çoxsaylı dövlətlər bu cür problemlərlə üzləşir. Bu, davam edən qlobal iqtisadi böhrana da, gərginliyə də aiddir. Bizim ölkələr üçün bu, çox cəhətdən onunla bağlıdır ki, indicə dediyim gərginlik sizin və bizim sərhədlərdə xeyli dərəcədə mövcuddur. Mən həm Əfqanıstanı, həm də Yaxın Şərqi, qeyri-sabitlik zonalarını və qaynar münaqişələri, ilk növbədə İŞİD, “Cəbhət ən-Nusra” və digər terror təşkilatları tərəfindən artmaqda olan terror təhlükəsini nəzərdə tuturam. Bütün bunlar bizim üçün real təhlükədir. Bu problemlərin həlli yollarını birgə axtarmaq istəyi ölkələrimizin daha sıx qarşılıqlı əlaqəsini tənzimləmək zərurətini şərtləndirir. Üçtərəfli əməkdaşlığın əsas istiqamətləri bizim bugünkü Zirvə toplantısının yekunlarına əsasən qəbul edəcəyimiz Bəyannamədə göstərilib”.

Prezident Vladimir Putin: “Rusiyanın nöqteyi-nəzərindən xüsusi əhəmiyyət kəsb edən bəzi məsələləri qeyd etmək istərdim. Məsələn, beynəlxalq terror təşkilatlarının fəaliyyəti barədə informasiya mübadiləsinin fəallaşdırılmasını məqsədəuyğun hesab edirik. Bu, ölkələrimizin ərazisindən silahlıların, silahların və narkotiklərin tranzitinin qarşısının daha səmərəli alınması üçün lazımdır.

Ümid edirik ki, Xəzər problemlərinə dair üçtərəfli dialoq da Xəzər dənizinin hüquqi statusu barədə Konvensiya üzərində işin tezliklə tamamlanmasına şərait yaradacaq. Əminəm ki, Konvensiyanın imzalanması və onun müddəalarının reallaşdırılması Xəzəryanı beş ölkənin hamısının mənafelərinə uyğundur” – deyə, bildirmişdir.

Prezident Vladimir Putinin sözlərinə görə, nəqliyyat infrastrukturu sahəsində əməkdaşlığın perspektivi ümidverici görünür. Mən Azərbaycan Prezidentinin artıq qeyd etdiyi “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin Qərb şaxəsinin yaradılması planlarını nəzərdə tuturam. Energetika sahəsində ilk növbədə Xəzər regionunda neft-qaz yataqlarının kəşfiyyatı və işlənməsi layihələrinin reallaşdırılmasını prioritet hesab edirik. Biz hasil edilən xammalın daşınması üçün boru kəməri infrastrukturundan birgə istifadə edilməsinin qarşılıqlı faydalı sxemlərini də müzakirə etməyə hazırıq.

Təbii ki, mədəniyyət, turizm, gənclərin mübadiləsi, təhsil sahəsində əməkdaşlıq məsələlərinə diqqəti artırmaq, üç ölkənin regionları arasında birbaşa əlaqələrin inkişafına şərait yaratmaq lazımdır.

Əminəm ki, qonşuların – Rusiya, Azərbaycan və İranın əməkdaşlığı gələcəkdə də praqmatik, qarşılıqlı faydalı xarakter daşıyacaq və ölkələrimizin xalqlarının köklü maraqlarına cavab verəcək, bütün Xəzər regionunun dinamik inkişafı üçün yeni imkanlar yaradacaq.

Hörmətli həmkarlar, sözsüz ki, biz hələ çox iş görməliyik və Sizi əmin etmək istəyirəm ki, Rusiya birgə fəal işə hazırdır.