YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bahar Muradova: Azərbaycan multikultural dəyərlərdən xalqları, mədəniyyətləri birləşdirən amil kimi istifadə edir

“Azərbaycanda müxtəlif xalqların, o cümlədən ayrı-ayrı etnik qrupların və dini konfessiyaların nümayəndələri birgə sülh, əmin-amanlıq, sabitlik, dostluq və həmrəylik şəraitində yaşayırlar. Azərbaycanda bu zamana qədər əldə edilən çoxsaylı nailiyyətlərin əsasında duran əhəmiyyətli amillərdən biri də məhz budur. Azərbaycan xalqı multikultural dəyərlərin daşıyıcısıdır və ölkəmizdə tolerantlıq mühiti hökm sürür. Əgər belə olmasaydı, ölkəmiz qısa müddət ərzində inkişafa, təhlükəsizliyə xidmət edən çoxsaylı nailiyyətlər əldə edə bilməzdi”. Bunu Milli Məclis sədrinin müavini, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, YAP İdarə Heyətinin üzvü Bahar Muradova deyib.

Onun sözlərinə görə, dövlətlərin inkişafına əngəl olan amillər sırasında ölkə daxilində ictimai-siyasi sabitliyin olmaması, dini, etnik ayrı-seçkiliyin mövcud olması kimi hallar xüsusi yer tutur: “Sevindirici haldır ki, Azərbaycanda bu cür hallara rast gəlinmir və ölkəmiz tolerantlıq mühitinə, ictimai-siyasi sabitliyə və təhlükəsizliyə görə dünya dövlətləri üçün nümunə kimi çıxış edir. Multikulturalizm Azərbaycanda həyat tərzidir, xalqımızın sahib olduğu çoxəsrlik tolerantlığın nəticəsidir. Azərbaycanın beynəlxalq imicinin möhkəmlənməsində bu amil də xüsusi rol oynayır”.

Milli Məclis sədrinin müavini əlavə edib ki, Azərbaycan multikultural dəyərlərdən xalqları, mədəniyyətləri birləşdirən amil kimi istifadə edir: “Azərbaycan multikultural dəyərlərin təbliğinə, sivilizasiyalararası dialoq xidmət edən çoxsaylı beynəlxalq tədbirlərə də uğurla ev sahibliyi edir və bütün bunlar Azərbaycan xalqının hansı dəyərlərə malik olduğunu nümayiş etdirir”.