YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan dünyada, beynəlxalq arenada özünü etibarlı tərəfdaş və etibarlı dost kimi təsdiq edə bilmişdir

Daxili amillər, iqtisadi gücümüz, dünyada artan nüfuzumuz bizə imkan verir ki, bundan sonra da prinsipial xarici siyasətimizi aparaq. Deyə bilərəm ki, bu siyasət beynəlxalq birlik tərəfindən də təqdirlə qarşılanır. Azərbaycanın beynəlxalq nüfuzu, bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı getdikcə artır.

Bu fikirləri Prezident İlham Əliyev Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsindəki nitqində söyləmişdir.
Dövlətimizin başçısı qeyd etmişdir ki, Azərbaycan dünyada, beynəlxalq arenada özünü etibarlı tərəfdaş və etibarlı dost kimi təsdiq edə bilmişdir. Təsadüfi deyildir ki, beynəlxalq təşkilatlarda Azərbaycana olan rəğbət göz qabağındadır. Bunun əyani sübutu BMT Təhlükəsizlik Şurasına seçilməyimiz idi. Bu, tarixi bir hadisə idi. Dünyanın birinci aparıcı qurumu olan BMT Təhlükəsizlik Şurasına seçilməyimiz gənc müstəqil dövlət üçün böyük diplomatik və siyasi uğurumuzdur. Əslində, bu, ölkəmizin imicini, qısa müddət ərzində nə qədər böyük yol keçdiyini göstərir. Beynəlxalq ictimaiyyətin mütləq əksəriyyəti – 155 ölkə bizim namizədliyimizi dəstəkləmişdir, bizə inanmışdır və bilirəm ki, bu inama görə peşman olmamışdır. Çünki biz bəyan etdiyimiz kimi, iki il ərzində BMT Təhlükəsizlik Şurasında beynəlxalq hüququ və ədaləti müdafiə etmişik. Bu gün də müdafiə edirik və hər zaman müdafiə edəcəyik.

Prezident İlham Əliyev demişdir: “Bir sözlə, beynəlxalq imicimiz çox müsbətdir. Bunun müxtəlif amilləri vardır. Bir daha demək istəyirəm ki, ilk növbədə, ölkəmizin uğurlu inkişafı, prinsipial mövqeyi, ədaləti, hüququ hər şeydən üstün tutmağımız, eyni zamanda, əlbəttə ki, bizim diplomatik orqanların uğurlu fəaliyyəti də burada çox mühüm rol oynamışdır. Buna görə mən Xarici İşlər Nazirliyinin bütün əməkdaşlarını təbrik etmək istəyirəm. Azərbaycanın çox uğurlu xarici siyasəti vardır və əminəm ki, gələcək illərdə ölkəmizin artan gücü və nüfuzu hesabına biz beynəlxalq arenada mövqeyimizi daha da möhkəmləndirəcəyik”.