YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: Minsk qrupu Ermənistanın təcavüzünün aradan qaldırılması üçün əməli addımlar atmalıdır

«Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həll edilməsi Azərbaycan dövlətinin qarşısında duran ən öncül strateji vəzifələrdən biri və birincisidir». Bu fikri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki,  Prezident İlham Əliyev tərəfindən dəfələrlə bəyan edilib ki, Azərbaycan istənilən şəraitdə özünün ərazi bütövlüyünü bərpa edəcək və təcavüzkar qüvvələr işğal olunmuş Azərbaycan ərazisindən çıxarılacaq. Amma problem ondadır ki, münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrləri indiyədək ciddi fəaliyyət ortaya qoya bilməyiblər.

«Əgər ATƏT-in Minsk qrupu və həmsədr dövlətlər Ermənistanın işğalçılıq siyasətinə, 1 milyon insanın qaçqın-köçkün həyatına, dinc insanların ölümünə, ermənilər tərəfindən insanların evlərinin, yurdlarının, məzarlıqlarının dağıdılmasına göz yumursa, bu qurum tarixdə mürtəce təşkilat kimi qalacaq. Əgər bu adı öz üzərindən götürmək istəyirsə, Minsk qrupu Ermənistanın təcavüzünün aradan qaldırılması üçün əməli fəaliyyət göstərməlidir. Amma biz bu gün nəyi müşahidə edirik? Minsk qrupu həmsədrlərinin bəyanatlarında həmişə Ermənistan ilə Azərbaycan bərabərləşdirilir. Lakin belə olmalı deyil. Ermənistan işğalçıdır, Azərbaycan isə işğala məruz qalan ölkədir. Ermənistana dəstək vermək, işğalçıya, təcavüzkara nəfəs vermək deməkdir. Bütün bunlar deməyə əsas verir ki, həmsədrlər fəaliyyət göstərdikləri müddət ərzində münaqişənin həlli, Ermənistanın işğalına son qoyulması istiqamətində ciddi bir iş görməyiblər. Həmsədr dövlətlərin təmsilçiləri vaxtaşırı olaraq yenisi ilə əvəz olunurlar və onlar da sələfləri kimi bölgəyə turist səfərləri etməklə məşğuldurlar»- deyə, M.İbrahimqızı vurğulayıb.