YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Belarus arasında hərbi-texniki sahədə əməkdaşlığın inkişafı üçün geniş imkanlar var

Azərbaycan Belarus ilə bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə əməkdaşlığa böyük əhəmiyyət verir. Ölkələrimiz arasında hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın inkişafı üçün geniş imkanlar mövcuddur.

Bu fikirlər iyulun 13-də Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun ölkəmizdə rəsmi səfərdə olan Belarus Respublikası müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-mayor Oleq Belokonev ilə görüşündə səslənib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Belarusun nümayəndə heyəti əvvəlcə Fəxri xiyabana gələrək ümummilli lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Daha sonra Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi keçirilib. Qonaq fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.

Görüşdə vurğulanıb ki, Azərbaycan Belarus ilə bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə əməkdaşlığa böyük əhəmiyyət verir. Ölkələrimiz arasında hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın inkişafı üçün geniş imkanlar mövcuddur.

Söhbət zamanı səfərin ölkələrimizin Silahlı Qüvvələri arasında əməkdaşlığın genişləndirilməsinə təkan verəcəyi qeyd olunub. Bildirilib ki, Belarus şirkətlərinin cari ilin sentyabrında Bakıda keçiriləcək “АDEX-2016” sərgisində iştirakı da ölkələrimiz arasında hərbi və hərbi-texniki sahələrdə işbirliyinin inkişafında mühüm rol oynayacaq.

Regiondakı hərbi-siyasi vəziyyətlə bağlı qonaqlara məlumat verilərkən bildirilib ki, uzun illər davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində torpaqlarımızın 20 faizi hələ də işğal altındadır. Bir milyondan çox soydaşımız doğma yurd-yuvalarından didərgin düşüb. Bu münaqişə regional sabitliyə əsas təhlükədir. Belarusun bu münaqişənin nizamlanması məsələsində bundan sonra da Azərbaycanın haqlı mövqeyini dəstəkləyəcəyinə əminlik ifadə edilib.

Görüşdə Azərbaycan ilə Belarus arasında hərbi sahədə mövcud əməkdaşlığın və qarşılıqlı inamın güclənməsinə xidmət edən fəaliyyətlər, dövlətlərimizin regional təhlükəsizliyə verdiyi töhfələr xüsusi vurğulanıb.

Ölkəmizə səfərdən məmnunluğunu bildirən qonaq Azərbaycan-Belarus münasibətlərinin möhkəmlənməsində belə görüşlərin və qarşılıqlı əlaqələrin genişləndirilməsinin zəruriliyini vurğulayıb.

İyulun 15-dək davam edəcək səfər çərçivəsində Belarus nümayəndə heyəti tərəfindən Silahlı Qüvvələrin Hərbi Akademiyasının, Hərbi Hava Qüvvələrinin aviasiya bazasının, Hərbi Dəniz Qüvvələrinin qərargahının, dəniz hazırlığı və dalğıc poliqonunun, eləcə də sülhməramlı qüvvələrin hərbi hissəsinin ziyarət olunması planlaşdırılır.

 

DİGƏR Xəbərlər Arxiv