YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Altı ayda “Azneft” İB-də 3,1 milyon ton neft və 2,84 milyard kubmetr təbii qaz hasil edilib

Yanvar-iyun aylarında SOCAR-ın “Azneft” İstehsalat Birliyində (İB) 3 milyon 133 min ton neft və 2,84 milyard kubmetr təbii qaz hasil olunub.

Birlikdən verilən məlumata görə, cari ilin ötən dövründə İB-də yeni obyektlərin və qurğuların tikintisi, onların istismara verilməsi, hasilatın artırılması, xidməti sahələrin, tikililərin və binaların əsaslı təmiri, eləcə də işçilərin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində, bütün sahələr üzrə kompleks tədbirlər görülüb. “Azneft”in kollektivi yanvar-iyun aylarında əzmlə çalışaraq ölkənin yanacaq-energetika kompleksinin inkişafına öz töhfəsini verib. Birliyin kollektivinin həyata keçirdiyi texniki-geoloji tədbirlər nəticəsində istismar olunan quyulardan plandan əlavə neft-qaz çıxarılıb. Ümumilikdə bu ilin altı ayında uğurlu nəticələr əldə edilib, neft sənayesinin inkişafı üçün nəzərdə tutulan proqnoz tapşırıqlara tam əməl olunub.

Yanvar-iyun aylarında “Azneft” İB üzrə 3 milyon 133 min ton neft hasil edilib. “Abşeronneft” və Ə.C.Əmirov adına neft və qazçıxarma idarələri (NQÇİ) üzrə göstəricilər plana görə daha yüksək olub. Belə ki, 6 ayda adı çəkilən idarələrin kollektivləri neft hasilatı üzrə proqnoz tapşırıqlarını müvafiq olaraq 114,6 faiz və 109,3 faiz yerinə yetiriblər.

Hesabat dövründə təbii qaz hasilatı sahəsindəki göstəricilərdə də artım tempi müşahidə olunub. Müvafiq dövr ərzində 2,78 milyard kubmetr qaz hasilatı nəzərdə tutulduğu halda, bu rəqəm 2,84 milyard kubmetrə bərabər olub. Plan 102,3 faiz yerinə yetirilib. “Azneft” İB üzrə qaz hasilatında aparıcı yerləri “28 May”, N.Nərimanov adına neft və qazçıxarma idarələri tuturlar.

Yataqların tammiqyaslı istismara daxil edilməsi, yeni quyuların qazılması işi bu il də uğurla davam etdirilib. Çoxsaylı qazma işləri həyata keçirilib, yeni-yeni neft və qaz quyuları istismara verilib. Altı ayda “Azneft”in sifarişi əsasında 27 quyu qazılaraq istismara verilib. Yeni quyuların qazılması nəticəsində 32,3 min ton neft hasil edilib. Fəaliyyətsiz quyu fondundan 63 quyu istismara qaytarılıb. Bu quyulardan 7,2 min ton neft hasil edilməsi planlaşdırıldığı halda, faktiki olaraq 18,8 min ton neft alınıb ki, bu da plandan 11,6 min ton çoxdur.

Neftin və qazın çıxarılma tempini saxlamaq və artırmaq üçün geoloji və texniki tədbirlərin aparılması böyük əhəmiyyət kəsb edir. Bu mənada ilin əvvəlindən İB-də 318 geoloji tədbir keçirilib, nəticədə 67,6 min ton neft hasil edilib. Bu da plana qarşı 36 tədbir çox və 8,8 min ton artıq neft deməkdir. Həyata keçirilən texniki və texnoloji tədbirlər nəticəsində 20,5 min ton plana qarşı 26,6 min ton neft hasil olunub.