YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

NATO Müdafiə Kollecinin rəisinə regiondakı hərbi-siyasi vəziyyət barədə məlumat verilib

Azərbaycanda səfərdə olan NATO Müdafiə Kollecinin rəisi, general-mayor Yanuş Boyarski ilə Müdafiə Nazirliyində görüş keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, NATO Müdafiə Kollecinin rəisinə regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun nəticələri, həmçinin qoşunların qarşıdurma xəttindəki cari əməliyyat şəraiti barədə məlumat verilib.

Görüşdə Azərbaycan və NATO arasında hərbi əməkdaşlıq proqramları, xüsusilə də Silahlı Qüvvələrimiz ilə alyansa üzv olan və tərəfdaş dövlətlər arasında qarşılıqlı əməliyyat uyarlılığının əldə edilməsi, ölkəmizin Əfqanıstanda həyata keçirdiyi “Qətiyyətli dəstək” missiyasına töhfəsi ətraflı müzakirə olunub.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov “Müdafiə təhsilinin genişləndirilməsi proqramı” çərçivəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasına göstərilən dəstəyə görə qonağa təşəkkür edib.

General-mayor Y.Boyarski Müdafiə Kollecinin fəaliyyəti barədə məlumat verərək Azərbaycana səfərdən məmnunluğunu diqqətə çatdırıb. O, Müdafiə Kollecinin təşkil etdiyi mövcud kursların vacibliyini xüsusi vurğulayıb. Avropa, Yaxın Şərq və Şimali Afrika regionlarının 31 ölkəsindən olan 120 nəfərlik heyətin əksəriyyətinin müdafiə və təhlükəsizlik sahəsində strateji vəzifələrdə çalışdığını diqqətə çatdıran qonaq belə səfərlərin təcrübə mübadiləsi baxımından əhəmiyyətini qeyd edib.