YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Moskvada “XX əsrdə transmilli erməni terrorizminin tarixi” kitabının təqdimatı keçirilib

Moskvadakı Jurnalistlər Evində erməni terror təşkilatlarını ifşa edən “XX əsrdə transmilli erməni terrorizminin tarixi” (“История транснационального армянского терроризма в XX столетии" ) kitabının təqdimat mərasimi keçirilib. Tarixi-kriminoloji araşdırmanın müəllifi tarixçi alim Oleq Kuznetsovdur.

"XX əsrdə transmilli erməni terrorizminin tarixi” SSRİ Dövlət Təhlükəsizlik komitəsinin və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin xidməti materialları, erməni terrorçularının Azərbaycan və Rusiya ərazisində törətdikləri cinayət işləri üzrə materiallar əsasında yazılıb. Müəllif sübut edib ki, XX yüzillik boyunca erməni xalqı terrordan öz milli dövlətçiliyi üçün başlıca vasitə kimi istifadə edib. Təkcə 1975–1999-cı illər ərzində erməni terror təşkilatları dünyanın 22 ölkəsində 300-dən çox terror aktı törədib ki, onlarla xalqın təmsilçisi – azərbaycanlılar, türklər, ruslar, fransızlar və digər xalqlar bu cinayətlərin qurbanı olub.

Nəşrin müəllifi Oleq Kuznetsovun sözlərinə görə, kitabın çapına maneələr yaradılır, hətta o, ekstremizmdə də ittiham edilirdi. Nijni Novqorod və Tulada bu kitabın çapına qadağa qoyulmuşdu. O deyir: “Moskvanın “Stolitsa” mətbəəsi özündə cəsarət tapıb kitabın nəşrinə razılıq verdi. Bundan başqa kitabla bağlı rusiyadakı erməni diasporunun da təhqirlərini tez-tez eşitməli oluram, amma bütün bu maneələri adlaya bildik. Bu gündən etibarən kitabın yayılması istiqamətində fəaliyyətimin ikinci mərhələsinə başlayıram. Müxtəlif auditoriyalarda - jurnalistlər, alimlər və hüquq-mühafizə orqanlarının əməkdaşları üçün kitabın təqdimatlarını keçirmək niyyətindəyəm. Bundan əlavə, Rusiyanın inzibati subyektlərindəki kitabxanalara, universitetlərə, təhsil müəssisələrinə, eləcə də kitabı almaqda maraqlı olan mütəxəssislərin ev ünvanlarına kitabların kuryerlə göndərilməsi həyata keçiriləcək. Kitabın saytı da yaradılacaq və onun şifrəli versiyasını bütün internet istifadəçiləri oxuya biləcəklər”.

Sentyabrın 3-ü Rusiyada terror qurbanları ilə həmrəylik günü kimi qeyd olunur. Müəllif məhz həmin gün erməni terroru haqda xüsusi saytın təqdimatını keçirməyi planlaşdırdığını da qeyd edib.

Monoqrafiya 1000 ədəd tirajla rus dilində çap edilib. Onun ingilis dilinə tərcüməsi artıq keçən il Berlində işıq üzü görüb. Hazırda kitab türk dilində çapa hazırlanır.