YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Silahlı Qüvvələri Günü Gürcüstanda qeyd edilib

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 98-ci ildönümü münasibətilə iyunun 23-də Tbilisidə rəsmi qəbul təşkil olunub.

Azərbaycanın Gürcüstandakı səfirliyinin Hərbi Attaşe Aparatının təşkil etdiyi tədbirdə səfir Azər Hüseyn, Türkiyənin səfiri Zəki Ləvənd Gümrükçü, Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Vaxtanq Kapanadze, Tbilisidəki diplomatik korpusun hərbi attaşeləri, Azərbaycanın bu ölkədəki şirkətlərinin əməkdaşları, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Azərbaycanın və Gürcüstanın dövlət himnləri səsləndirilib.

Sonra səfirliyin Hərbi Attaşe Aparatının rəhbəri, polkovnik Xəzər Abbasov çıxış edərək Azərbaycanda ordu quruculuğu istiqamətində görülən işlər barədə məlumat verib. O, ümummilli lider Heydər Əliyevin ordumuzun təşkilatlanması və qüdrətlənməsi ilə bağlı tarixi xidmətlərindən, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğu siyasətinin yüksək nəticələrindən danışıb. Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizin geri qaytarılması ilə bağlı Azərbaycan dövlətinin qətiyyətli mövqeyi barədə iştirakçılara məlumat verilib.

Hərbi attaşe deyib: “Hər bir dövlət üçün, xüsusilə müharibə şəraitində olan ölkələr üçün ordu quruculuğu xüsusi əhəmiyyət kəsb edir. Müharibə şəraitində olan bir ölkə kimi Azərbaycan güclü və yüksək nizam-intizama malik ordu ilə yanaşı, hərbi sənayenin də inkişafına xüsusi diqqət yetirir. Azərbaycan Silahlı Qüvvələri dövlətimizi, vətəndaşlarımızın asayişini qoruyur, müstəqil xarici siyasət yürütməyimizi təmin edir”.

Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Vaxtanq Kapanadze jurnalistlərə müsahibəsində Gürcüstan Silahlı Qüvvələrinin şəxsi heyəti adından və öz adından Azərbaycan xalqını, Silahlı Qüvvələrimizin bütün şəxsi heyətini bayram münasibətilə təbrik edib: “Qardaş və dost Azərbaycanın Silahlı Qüvvələrinin yaranması ilə əlaqədar mərasimdə iştirak etməkdən şərəf duyuram. Azərbaycanda ordu quruculuğu istiqamətində görülən işləri diqqətlə izləyirik. Azərbaycanın güclü ordusu var. Qardaş ölkənin əldə etdiyi bütün uğurlara sevinirik. Güclü ordu dövlətin və xalqın dayağıdır, sülhün təminatçısıdır”.

Tədbir boyunca böyük ekranda təbliğat xarakterli videoçarx nümayiş etdirilib, hərbi marşlarımız səsləndirilib.

Mərasim ziyafətlə başa çatıb.