YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fransanın “Alzasın son xəbərləri” qəzetində Azərbaycanla bağlı silsilə məqalələr dərc olunmuşdur


Strasburqda gündəlik nəşr olunan “Alzasın son xəbərləri” qəzetində iyun ayında Alzas regionunun Miluz şəhərində Azərbaycanla bağlı keçirilən tədbirlər barədə silsilə məqalələr dərc olunmuşdur.

Belə məqalələrdən biri “Məhsəti Gəncəvi ədəbiyyat fakültəsində” adlanır. Məqalədə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Miluzun Ot-Alzas Universitetinin ədəbiyyat, dillər və humanitar elmlər fakültəsində Azərbaycanın görkəmli şairəsi Məhsəti Gəncəvi adına məşvərət zalının açılışından bəhs edilir.

Məqalənin müəllifi Jan-Mari Valder Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşkilatçılığı və Fransadakı səfirliyin dəstəyi ilə Azərbaycanın tarixini, mədəni dəyərlərini fransızlara daha yaxından tanıtmaq məqsədilə həyata keçirdikləri layihə çərçivəsində bir neçə ay əvvəl Miluzda Məhsəti Gəncəvinin anadan olmasının 900 illiyi ilə əlaqədar şairənin həyat və yaradıcılığından bəhs edən sərginin təşkil edildiyini xatırlatmışdır. Azərbaycanın qədim şəhəri Gəncədə doğulan şairənin XII əsrdə yaşadığı, onun əsərlərində qadın azadlığını, qadınların kişilərlə bərabər hüquqlu ideyaları tərənnüm etdiyini bildirmiş, eləcə də Gəncənin tarixi haqqında məlumat vermiş, 2016-cı il üçün Avropa gənclərinin paytaxtı elan edilən şəhərin Miluzla əməkdaşlıqda maraqlı olduğunu vurğulamışdır.

Miluz Universitetində M.Gəncəvinin həyat və yaradıcılığına həsr olunan elmi konfransın yüksək səviyyədə keçirildiyi diqqətə çatdırılan məqalədə bu təhsil ocağında Azərbaycan şairəsinin adını daşıyacaq məşvərət zalının təntənəli açılışının təşkil edildiyi bildirilmiş, fakültənin dekanı xanım Qreta Komur-Tilloyuna istinadən zalın yenidən qurulmasına və şairənin orada fransız və ingilis dillərinə tərcümə olunmuş əsərlərinin nümayişinə Heydər Əliyev Fondunun əməli yardımının yüksək qiymətləndirildiyi diqqətə çatdırılmışdır.

Məqalədə tədbir zamanı Miluz Universiteti ilə Gəncə Dövlət Universiteti arasında əməkdaşlığa dair sənədin imzalandığı, şəhərin məşhur “Filatür” zalında klassik Azərbaycan musiqisindən ibarət konsertin tamaşaçıların böyük marağına səbəb olduğu qeyd edilmişdir.

Qəzetdə dərc olunmuş “Dostluq xartiyası” sərlövhəli digər məqalədə Miluz bələdiyyə idarəsinin qərargahında Miluz ilə Azərbaycanın Yevlax şəhəri arasında gələcək əməkdaşlığa dair dostluq xartiyasının imzalanma mərasimindən ətraflı bəhs olunmuşdur.

Məqalədə Miluzun meri Jan Rottner Miluz və Yevlax şəhərləri arasında əlaqələrin təməlinin Azərbaycan şairəsi Məhsəti Gəncəviyə həsr olunan konfransın keçirildiyi bir vaxtda qoyulduğunu diqqətə çatdırmış, gələcək əməkdaşlığın inkişafında iqtisadi sahədə əlaqələrə xüsusi diqqət veriləcəyi, Yevlaxın kənd təsərrüfatı sahəsində inkişaf etdiyi, güclü mədəni və iqtisadi potensiala malik olduğu vurğulanmışdır.

Dostluq xartiyasının mədəni və iqtisadi sahələrdə gələcək əməkdaşlıq bazasına əsasən imzalandığını vurğulayan Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Qoca Səmədovun Miluz rəsmilərini Yevlaxa dəvət etməsi, rayonun iqtisadi potensialı barədə ətraflı məlumat verməsi də məqalədə yer almışdır.
Senator Jan-Mari Bokelin Miluz-Yevlax əlaqələrinin Fransa ilə Azərbaycan arasında hərtərəfli əməkdaşlığa mühüm töhfə verəcəyinə dair söylədiyi fikirlərə istinad edilən məqalədə senator Azərbaycana səfəri zamanı Yevlaxda olduğunu xatırlatmışdır. O, Yevlaxın dinamik inkişafının Miluz və Strasburq arasında iqtisadi əlaqələrin yaranmasına imkan verdiyini bildirmişdir.

“İcmalar axtarışı üçün” adlı məqalədə isə Miluzun Ot-Alzas Universitetinin ədəbiyyat, dillər və humanitar elmlər fakültəsində Heydər Əliyev Fondunun xeyirxah missiyası sayəsində Məhsəti Gəncəvi məşvərət zalının açıldığı qeyd olunmuş, fakültənin dekanı Qreta Komur-Tilloyun zalı gələcək əməkdaşlığın təməl daşı kimi dəyərləndirməsinə dair söylədiyi fikirlər yer almışdır.

Məqalədə cari ilin yanvar ayında Ot-Alzas Universiteti ilə Gəncə Dövlət Universiteti arasında aparılan danışıqlara əsasən hər iki ali məktəb arasında müəllim və tələbə mübadiləsi barədə razılıq sənədinin imzalanması mərasimində Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyovun, Miluz şəhərinin meri Jan Rottnerin, senator Jan-Mari Bokelin, Ot-Alzas Universitetinin rektoru xanım Kristin Ganqloff-Ziegglerin iştirak etdikləri qeyd olunmuşdur.

Digər bir məqalədə isə Azərbaycan nümayəndə heyətinin 1868-ci ildə açılan və Fransanın ən qədim zooparklarından biri hesab edilən Miluz zooparkı ilə tanışlığı barədə məlumat verilmişdir.