YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Baş nazirin müavini Əli Həsənov: Dağlıq Qarabağ münaqişəsindən daha çox qaçqın və məcburi köçkünlərimiz əziyyət çəkir

Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov iyulun 2-də İsrailin ölkəmizdəki səfiri Rafael Harpaz ilə görüşmüşdür.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Azərbaycan ilə İsrail arasında bütün sahələr üzrə qarşılıqlı əməkdaşlığın yaxşı əsaslar üzərində qurulduğu vurğulanan görüşdə əsasən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, bu münaqişə nəticəsində doğma yurdlarından didərgin salınmış soydaşlarımızın real durumu, onların problemlərinin həlli istiqamətində Prezident İlham Əliyevin imzaladığı sərəncamlara və verdiyi tapşırıqlara uyğun olaraq görülmüş işlərdən söhbət açılmışdır.

Münaqişənin Ermənistanın qeyri-konstruktiv mövqe tutmasına görə hələ də həllini tapmamasından, problemin həlli ilə məşğul olan qurumların və dövlətlərin fəaliyyətsizliyi, ikili mövqedən yanaşma nəticəsində ədalətsizliyin baş alıb getməsindən, bütün bunlardan isə daha çox qaçqın və məcburi köçkünlərin əziyyət çəkməsindən təəssüfləndiyini bildirən Baş nazirin müavini diqqətə çatdırmışdır ki, bunlara baxmayaraq, Azərbaycan Prezidenti, Azərbaycan xalqı münaqişənin dinc yolla, beynəlxalq hüququn normaları çərçivəsində həllinə tərəfdardır.

Keçirdiyi görüşlərdə xüsusilə Azərbaycan qadınının dəyanətinin, dözümlülüyünün, sabaha inamının bir daha şahidi olduğunu bildirən səfir yaxın aylarda digər ərazilərdə məskunlaşan məcburi köçkünlərlə də belə görüşlərin keçirilməsinə şərait yaradılmasını xahiş etmişdir.

Baş nazirin müavini Əli Həsənov ölkəmizdəki məcburi köçkünlərin həyat tərzi ilə yaxından maraqlandığına görə diplomata təşəkkürünü bildirmiş, bu cür görüşlərin həqiqətən mühüm önəm daşıdığını vurğulamışdır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunmuşdur.