YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahibə Qafarova: Azərbaycan AŞPA-nın ən fəal üzvlərindən biridir

"Azərbaycanla Avropa Şurası Parlament Assambleyası (AŞPA) arasında uzunmüddətli və səmərəli əməkdaşlıq əlaqələri formalaşıb. Bu, əməkdaşlıq ölkəmiz tərəfindən müsbət qiymətləndirilir və inanırıq ki, bu əlaqələr bundan sonra da inkişaf edəcək". Bunu yap.org.az saytına Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, təşkilatın miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarova qurumun Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Predan və Stefan Şennakın ölkəmizə səfərini şərh edərkən deyib. O, səfər çərçivəsində keçirilən görüşlərin ölkəmizlə AŞPA arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini bildirib.

Azərbaycanın AŞPA-nın ən fəal üzvlərindən biri olduğunu deyən komitə sədrinin sözlərinə görə, Azərbaycan Respublikası qurumla ən müxtəlif sahələrdə qarşılıqlı-faydalı münasibətlər quraraq səmərəli əməkdaşlıq həyata keçirir. Təşkilata üzv dövlətlərlə əlaqələrin genişləndirilməsi ölkələrimizin bir-birinə daha da yaxınlaşmasına və qarşıya çıxa biləcək problemlərin aradan qaldırılmasına əlverişli zəmin yaradır. Sahibə Qafarova deyib ki, AŞPA Azərbaycanın problemlərinin həllinə həssas yanaşır, ölkəmizin əsas problemi olan Dağlıq Qarabağ münaqişəsini mütəmadi olaraq gündəmdə saxlayır. Eyni zamanda, Azərbaycan da öz tarixi, mədəni dəyərləri ilə, Avropa ailəsinin zənginləşməsinə öz töhfəsini verməkdədir. Bundan başqa, Azərbaycanın dünyaya təqdim etdiyi dəyərlər, ölkəmizin beynəlxalq aləmdə rolu və mövqeyi, qlobal təhlükəsizliyin, dinlərarası dialoqa töfhələri təşkilat tərəfindən yüksək qiymətləndirilir.

Komitə sədrinin sözlərinə görə, qurumdakı Azərbaycan nümayəndə heyəti də aktiv fəaliyyəti ilə seçilir: "Nümayəndə heyətimizin üzvləri qurumun sessiyalarında və təşkilatın keçirdiyi tədbirlərdə ən  müxtəlif mövzularda çıxışlar edir, bir sıra ölkələrdə konkret problemlərlə bağlı məruzə hazırlayır, qətnamə və qərarların qəbul olunması təşəbbüsü ilə çıxış edir eyni zamanda, AŞPA komitələrinə rəhbərlikdə təmsil olunurlar. Nəticə etibarilə, hesab edirəm ki, Azərbaycanla AŞ PA arasında münasibətləri yüksək qiymətləndirmək olar və bu əlaqələrin daha da inkişafı hər iki tərəfin marağına tam cavab verir".

 

DİGƏR Xəbərlər Arxiv