Xəbərlər
Azad Rəhimov: Bizim Azərbaycanın ucqar kəndlərindən, dağlarından Olimpiya məşəli keçirməklə bağlı planımız var

«Olimpiya məşəli oyunlar başlamadan iki ay əvvəl yandırılmalıdır. Hazırda həm beynəlxalq, həm də Avropa Komitəsi tərəfindən cavab gözləyirik». Bu fikirləri gənclər və idman naziri, Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov deyib.
A.Rəhimov xatırladıb ki, Olimpiya oyunlarının yandırılması məkanı Yunanıstandır. Onun fikrpincə, ola bilsin ki, Bakı 2015 Avropa Oyunları üçün məşəl o məkanda deyil, qədim stadionların birində də yandırılsın. Amma nazir bunun üçün xüsusi icazənin alınmasının tələb olunduğunu qeyd edib. Onun sözlərinə görə, bununla bağlı işlər aparılır.
«Bu məsələ aydınlaşan kimi mətbuata məlumat veriləcək. Amma bildiyiniz kimi, bizim də ilk gündən Azərbaycanın ucqar kəndlərindən, dağlarından bu məşəli keçirməklə bağlı planımız var. Bizim Yanar Dağımız, Atəşgah məbədimiz var, yəni məşəli yandırmağa yerlərimiz çoxdur» - deyə, A.Rəhimov vurğulayıb.