YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Silahlı Qüvvələri operativ-taktiki təlimlər keçirəcək

Silahlı Qüvvələrin 2016-cı il üçün hazırlıq planına uyğun olaraq, iyunun 19-dan 24-dək qoşunların idarəetmə orqanları, eləcə də birlik, birləşmə və hərbi hissələrin iştirakı ilə operativ-taktiki təlimlər keçiriləcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, təlimlərə 25 min nəfərədək şəxsi heyət, 300-dən çox tank və zirehli döyüş maşını, 100-dən artıq raket və artilleriya qurğusu, 40-dək hərbi aviasiya və 30-dan çox hava hücumundan müdafiə sistemləri, Hərbi Dəniz Qüvvələrinin gəmi birləşməsi və Xüsusi Təyinatlı Qüvvələrin bölmələri cəlb olunacaq.

Cəbhəboyu zonada və Naxçıvan Muxtar Respublikasında yerləşən poliqonlar, eləcə də Xəzər dənizinin Azərbaycan sektoru təlimlərin keçiriləcəyi ərazisi kimi müəyyən edilib.

Təlimlərin əsas məqsədi birlik və birləşmə komandanlıqlarının, qoşunların və döyüş sistemlərinin idarə edilməsi vərdişlərinin təkmilləşdirilməsi, eləcə də ağır şəraitdə aparılan müasir ümumqoşun döyüşünün hərbi elementlərinin qarşılıqlı fəaliyyəti və döyüş uzlaşmasının səviyyəsinin artırılmasıdır.

Bu təlimlərin əsas xüsusiyyəti güclü müdafiəyə malik şərti düşmən nəzərə alınmaqla əməliyyatların silahlanmada olan yeni texnoloji vasitələrin və silahların geniş tətbiqi ilə keçirilməsidir.

Təlimlər zamanı qoşunların yüksək döyüşə hazırolma səviyyəsinə gətirilmə qabiliyyəti, onların yenidən qruplaşması üzrə tədbirlərin keçirilməsi, həmçinin döyüş və maddi-texniki təminat məsələləri yoxlanılacaq.

Hərbi təlimlərin mərhələlərindən birində döyüş atışları yerinə yetiriləcək.