YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tanınmış rəssam Corc Kondonun fərdi sərgisi ilə tanış olub

İyunun 16-da Heydər Əliyev Mərkəzində müasir dövrün tanınmış avanqard rəssamlarından biri olan Corc Kondonun fərdi sərgisinin açılış mərasimi olub. Həmçinin mərkəzin parkında “I love Baku” incəsənət kompozisiyası açılıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva əvvəlcə Mərkəzin parkında incəsənət kompozisiyası ilə tanış olub.

“Corc Kondo. Şəxsi kolleksiyadan seçmələr” adlı sərginin açılış mərasimində çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar ƏLƏKBƏROV Mərkəzdə yeni bir layihənin təqdim edildiyini diqqətə çatdırdı. O, sərginin Heydər Əliyev Mərkəzində təşkil olunmasına rəhbərlik edən Leyla Əliyevaya, layihənin kuratoru Simon de Puriyə, “Qaleri Karaç”ın və Bakıda təqdim olunan Corc Kondo kolleksiyasının sahibi Andrea Karaça minnətdarlığını bildirdi. Mərkəzin direktoru qeyd etdi ki, bu layihənin Bakıda həyata keçirilməsi üçün onun üzərində bütün kollektiv 2 il işləyib.

Sərginin açılış mərasimində çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla ƏLİYEVA qonaqları salamlayaraq dedi: “Biz bu gün Birləşmiş Ştatlarda çoxşaxəli və ekstravaqant üslubu ilə seçilən rəssamın yaratdığı əsərlərdən ibarət sərginin açılışında iştirak edirik. Mən çox şadam ki, dünyada ən çox xoşladığım, pərəstişkarı olduğum rəssamın sərgisini biz məhz burada, belə gözəl, möhtəşəm bir binada keçiririk. Bildiyiniz kimi, bu binanın müəllifi öz əsərləri ilə inanılmaz zirvələri fəth etmiş memar Zaha Hadiddir. Biz artıq Heydər Əliyev Mərkəzində öz maraqlı əsərləri ilə seçilən Endi Uorhol, Riçard Dikon, Bernar Buffe və digər istedadlı rəssamların və heykəltəraşların sərgilərini təşkil etmişik”.

İlk dəfə olaraq Corc Kondonun işlərini özü üçün 5 il bundan əvvəl kəşf etdiyini deyən Leyla Əliyeva həmin vaxtdan etibarən rəssamın yaratdığı əsərlərə vurulduğunu bildirərək dedi: “Çünki o, yaratdığı bütün əsərlərində çox müxtəlif üslubları, insanların məhz ürəklərindən keçən hissləri, çox böyük, canlı həyatı, emosiyaları, müxtəlif hissləri təcəssüm etdirib. Bu əsərlərdə həm qəmginlik, həm xoşbəxtlik, həm qorxu, həm qəzəb, həm də dostluq hisslərini görmək mümkündür. Qeyd etmək yerinə düşər ki, Corc Kondo, ümumiyyətlə, sırf bir üslubda, istiqamətdə işləmir. Adətən onun əsərləri haqqında danışarkən daha çox kubizm, ekspressionizm üsullarından istifadə etdiyini söyləyirlər. Lakin biz onun əsərlərini seyr edərkən görürük ki, bu əsərlər bir çox müxtəlif çalarları əks etdirir. Bir tərəfdən ahəngdarlıq, digər tərəfdən məhz məxfilik, həmçinin reallıq, insanın xülyaları, müxtəlif rənglər və ümumiyyətlə, sehrli bir aləmin məqamları onun əsərlərində əksini tapır.

Əziz dostlar, bu gün axşam bizimlə olduğunuza görə təşəkkürümüzü bildiririk. Ümumiyyətlə, bu sərginin təşkilində əməyi olan hər kəsə, həmçinin Andrea Karaça, onun rəhbərlik etdiyi qalereyaya minnətdarlığımızı bildiririk. Mən fürsətdən istifadə edərək ən yaxın dostlarımdan olan cənab Simon de Puriyə və onun xanımına təşəkkür edirəm. Yekun olaraq demək istəyirəm ki, bu gün Bakıda ürəyimdə tutduğum arzulardan biri həyata keçib. Biz bu gün Corc Kondonun əsərlərindən ibarət sərginin açılış mərasimində iştirak edirik. Buna görə də mən sizin hamınıza minnətdaram. Sizin hamınıza “çox sağ olun” deyirəm. Sizə xoşbəxtlik, möhkəm cansağlığı və məhəbbət arzulayıram”.

Sərginin kuratoru Simon de PURİ il yarım əvvəl xanımı ilə Londonda səfərdə olarkən Leyla Əliyevanın təşkil etdiyi gözəl bir sərgidə iştirak etdiyini söyləyərək deyib: “Mövzusu ətraf mühit və ekologiya olan bu sərgidə Leyla Əliyeva ilə tanış olduq. Sərgidə nümayiş etdirilən əsərlər sırasında Corc Kondonun əsərləri də var idi. Söhbət əsnasında Leyla xanım bildirdi ki, məhz Corc Kondo bütün dünyada ən çox sevdiyi rəssamlardan biridir və biz belə bir qərara gəldik ki, Bakıda Corc Kondonun əsərlərinin sərgisinin təşkili yaxşı olardı. Çünki bizim özümüz də məhz Corc Kondonun pərəstişkarlarıyıq”. Simon de Puri dedi ki, bugünkü mərasimdə iştirak etmək onlara, həmçinin digər rəssamların əsərləri ilə tanış olmaq imkanı yaradır. Leyla xanım özü də rəssamdır. O, incəsənət sahəsinə çox bağlı bir insandır. Təsviri incəsənət sahəsinə vurğunluğu, biliyi ilə seçilir.

Kurator Simon de Puri qeyd etdi ki, Andrea Karaç dünyada Corc Kondonun əsərlərindən ibarət kolleksiyanın sahibidir. O, uzun müddət ərzində bu kolleksiyanı yaradıb. Həmçinin Heydər Əliyev Mərkəzi XXI əsrdə yaradılmış ən gözəl binadır. Zaha Hadid özü də qeyd edirdi ki, onun bu layihəsi bütün karyerası boyu ən gözəl əsəridir. Bakı elə bir şəhərdir ki, öz dinamik həyatı ilə hər zaman seçilir. Burada hər zaman müxtəlif tədbirlər keçirilir. Bakı ən böyük təəssürat bağışlayan şəhərlərdən biridir.

Qonaq qeyd etdi ki, 1960-cı illərin azərbaycanlı rəssamları Cavad Mircavadov, Rasim Babayev və başqalarının əsərləri Venesiya Biennalesində çox uğurla sərgilənib. Heydər Əliyev Mərkəzindəki sərgidə Corc Kondonun əsərləri ilə Azərbaycan rəssamlarının əsərləri arasında oxşarlığı görmək olar.

Simon de Puri sərginin təşkilinə görə Leyla Əliyevaya minnətdarlığını bildirdi.

Sonra sərginin açılışını bildirən rəmzi lent kəsildi və qonaqlar sərgi ilə tanış oldular.

“Corc Kondo. Şəxsi kolleksiyadan seçmələr” adlı sərgidə müəllifin 70-dən çox əsəri, o cümlədən rəsmləri, heykəltəraşlıq nümunələri yer alıb.

Corc Kondo 1957-ci ildə ABŞ-ın Nyu-Hempşir ştatının Konkord şəhərində anadan olub. 1976-1978-ci illərdə Louel şəhərindəki Massaçusets Universitetində təhsil alıb.

Nyu-Yorkun incəsənət aləminə 1980-ci illərdə gələn Corc Kondo Amerika karikatura sənətindən, Avropa portret tarixindən və yunan mifologiyasından ilhamlanaraq portret janrının araşdırılması ilə məşğul olur, özünəməxsus üslubda qara yumorlu əsərlər yaradır. Corc Kondonun işləri ekspressionizmlə kubizmi satirik karikatura əlamətləri ilə birləşdirir. Onun yaradıcılığı böyük bürünc heykəllərdən tutmuş xəyali portretlərədək müxtəlif tipli əsərləri əhatə edir. Corc Kondo öz yaradıcılığını “süni realizm” termini ilə ifadə edir.

O, rəssam kimi məşhur olmasına baxmayaraq, heykəltəraşlıqla da məşğuldur. Corc Kondo bu sahəyə 1999-cu ildə yaqut, brilyant və mirvarilərlə bəzədilmiş “Desireah” adlı əsəri ilə gəlib.

Corc Kondonun hibrid xarakterli portretləri 2007-ci ildə yeni mərhələyə qədəm qoyub. Müəllif hər biri eyni vaxtda müxtəlif emosiyalar, məsələn, təəccüb, fəryad və gülüş ifadə edən silsilə şəkillər yaratmağa başlayıb.

Sənətkarın ABŞ-ın Hyuston, Nyu-York, Buffalo, Avropanın Salzburq, Paris, Barselona, Bielefeld və Londonda sərgiləri keçirilib.

Heydər Əliyev Mərkəzindəki “Corc Kondo. Şəxsi kolleksiyadan seçmələr” sərgisi noyabrın 6-dək davam edəcək.