Xəbərlər
ATƏT PA-nın Bakı bəyannaməsi qəbul olundu
ATƏT Parlament Assambleyasının (PA) Bakıda keçirilən 23-cü yay sessiyasının Bakı bəyannaməsi qəbul edilib.
Bəyannamədə qeyd olunur ki, ATƏT regionunda uzanmış münaqişələrin həlli istiqamətində tədbirlərin görülməsi və bu münaqişələrin həllində irəliləyişin sülh yolu ilə və danışıqlar vasitəsilə, o cümlədən BMT Nizamnaməsinə, Helsinki Yekin Aktına və beynəlxalq hüquqa uyğun şəkildə əldə olunması ATƏT-in əsas vəzifələrindən biridir.
Bəyannamədə həmçinin ATƏT-ə üzv dövlətlərin sərhədlərinin pozulmamasının və Helsinki Yekun Aktında əksini tapan ərazi bütövlüyü prinsiplərinə əməl edilməsinin vacibliyi vurğulanır.
Sənəddə terrorizm və radikalizmlə mübarizənin vacibliyi qeyd olunmaqla, terrorçuların silahlı münaqişə zonalarından daimi yaşadıqları ölkələrə qayıtması nəticəsində terrorizm və radikalizm təhlükələrinin artmasından narahatlıq ifadə olunur və ATƏT-ə üzv ölkələr bu təhlükələrin qarşısının alınmasında təşkilatın rolunun artırılması üçün əlavə tədbirlər görmək imkanlarını nəzərdən keçirməyə çağırılır.
Bəyannamədə Ukrayna böhranına da geniş yer ayrılır. Sənəddə Ukraynanın ərazi bütövlüyü və müstəqilliyinə dəstək ifadə olunur və ATƏT ölkələrindən beynəlxalq platformalarda Ukraynanın ərazi bütövlüyünü dəstəkləmək istənilir.
Bakı bəyannaməsində ATƏT Əfqanstanla əməkdaşlığının davam etdirilməsi, ATƏT regionunda sosial-iqtisadi hüquqların qorunması və təşviq edilməsi, ATƏT regionunda ərzaq təhlükəsizliyi, imiqirasiya məsələləri, qaçqın və məcburi köçkünlərin vəziyyəti, mədəni mülkiyyətin qorunması, işgəncələrə qarşı mübarizə və s. məsələlərə toxunulur.