YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Kənd təsərrüfatı kooperasiyası haqqında” yeni qanun layihəsi qəbul olunub

Milli Məclisin bu gün keçirilən iclasında “Kənd təsərrüfatı kooperasiyası haqqında” yeni qanun layihəsi üçüncü oxunuşda qəbul olunub. Qanun layihəsi haqqında parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov məlumat verib.

E.İbrahimov bildirib ki, “Kənd təsərrüfatı kooperasiyası haqqında” yeni qanunun məqsədi Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalçılarının könüllü birləşməsi əsasında iri kənd təsərrüfatı müəssisələri yaratmaq, onların istehsal potensialından səmərəli istifadə etməklə rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsulları istehsal etmək və məhsuldarlığı artırmaqdır. Onun sözlərinə görə, layihənin ikinci oxunuşda müzakirəsi zamanı deputatların verdiyi təkliflərin uyğun gələnləri sənəddə nəzərə alınıb.

Layihəyə əsasən, kooperativlər fəaliyyət xarakterinə görə üç növdə yaradılacaq. İstehsal kooperativlərində görülən işlərin ən azı 70 faizi kooperativ tərəfindən yerinə yetirilməlidir. Burada muzdla işləyən işçilərin əməyindən də istifadə oluna bilər. Amma bu işçilərin sayı kooperativin üzvlərinin sayının 30 faizindən çox olmamalıdır. İstehlak kooperativləri kənd təsərrüfatı məhsullarının emalı, tədarükü, satışı, reklamı, sığortası və digər fəaliyyətləri ilə məşğul olacaq. İstehsal-istehlak kooperativləri isə kənd təsərrüfatı məhsulları istehsalı ilə yanaşı, istehlak kooperativlərinin fəaliyyət növlərindən bir və ya bir neçəsini yerinə yetirəcək.

“Kənd təsərrüfatı kooperasiyasının inkişafına dövlət dəstəyi” fəslində dövlətin, bələdiyyələrin vəzifələri göstərilir. Belə ki, dövlət ehtiyacları üçün hər il kooperativlərdən kənd təsərrüfatı və ərzaq məhsullarının dövlət tədarükünə dair sifarişlər müəyyənləşdiriləcək. Bələdiyyələr kooperativ ittifaqının müraciəti əsasında kooperativ bazarların tikintisi üçün torpaq ayırmalı, yarmarkaların təşkili üçün yer verməli, mövcud kənd təsərrüfatı bazarlarında kooperativlərə satış yerlərinin ayrılmasında iştirak etməli, məhsulun istehsalı, tədarükü, emalı və satışında köməklik göstərməlidir. Kooperativlərin səmərəli fəaliyyətini təmin etmək və brend məhsullar istehsalını formalaşdırmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydada kooperativlərin nəzdində kooperativ bazarlar təşkil ediləcək. Həmin bazarlarda Azərbaycanda fəaliyyət göstərən kooperativlərin istehsal etdiyi kənd təsərrüfatı və emal məhsullarından başqa digər məhsulların satışına, habelə kənd təsərrüfatı məhsullarının istehsalçısı olmayanların satış etməsinə yol verilməyəcək. Könüllü yaradılacaq kooperativlər demokratik əsaslarla idarə olunacaq və onların fəaliyyətinə üzvlər nəzarət edəcək.