YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyədə Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə növbəti təlim keçirilib

Türkiyənin İsparta vilayətində keçirilən çoxmillətli birgə xüsusi təyinatlı qüvvələrin təlimində Azərbaycan və Türkiyə Silahlı qüvvələrinin hərbi qulluqçuları ilə yanaşı, Bolqarıstan və Gürcüstan hərbçiləri də iştirak ediblər.

İspartada 90 illik tarixi olan Dağ Xüsusi Təyinatlılar Məktəbi və Tədris Mərkəzi Komandanlığı Türkiyənin Quru Qoşunları üçün xüsusi təyinatlıların yetişdirilməsi və terrorçularla mübarizə aparan birliklərin təlimində mühüm rol oynayır. Komandanlığın təşkilatçılığı ilə keçirilən “Komando EX-2016” çoxmillətli xüsusi təyinatlı qüvvələr təliminin yüksək səviyyəli müşahidəçi gününə Türkiyə, Azərbaycan və digər iştirakçı ölkələrin silahlı qüvvələrinin yüksək rütbəli nümayəndələri və Ankaradakı hərbi attaşeləri qatılıblar.

Məlumat verilib ki, təlimdə suüstü xüsusi təyinatlıların əməliyyatı, taktiki hücum, hava hücumu və yaxın hava dəstəyi kimi fəaliyyət növləri üzərində iş aparılır. Təlimin məqsədi iştirakçı ölkələrin xüsusi təyinatlı birlikləri arasında bilik və təcrübə mübadiləsinin təmin olunması, birlikdə işləmək qabiliyyətinin inkişaf etdirilməsidir. Əsas vəzifə xüsusi təyinatlı əməliyyat növlərinə dair müştərək əməliyyatların planlaşdırılması və icrası qabiliyyəti, müvafiq bilik və bacarıqların təkmilləşdirilməsi, əməliyyat növləri ilə bağlı üsul, əsas və terminologiya birliyinin təmin edilməsidir.

Təlimin ssenarisinə əsasən, beynəlxalq xüsusi missiya qüvvələrinin humanitar yardım fəaliyyəti və BMT-nin karvanlarının fasiləsiz çatdırılması məqsədilə şərti bölgədəki hava limanının nəzarət altına alınması tapşırığı yerinə yetirilib. Bunun üçün yaxınlaşmaqda olan suüstü xüsusi təyinatlıların sahilə təhlükəsiz şəkildə çıxması təmin edilib. Terrorçu qruplar arasında əlaqənin kəsilməsi məqsədilə onların rabitə stansiyası kimi istifadə etdikləri qurğular sıradan çıxarılıb. Hava hücumunun təhlükəsizliyinin təmin edilməsi üçün terrorçuların hava hücumundan müdafiə silahları məhv edilib. Nəticədə hücum helikopterlərinin dəstəyi ilə hava limanı nəzarət altına alınıb.

Uğurla həyata keçirilən bütün əməliyyat növlərində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları fəal iştirak ediblər. Yüksək səviyyədə həyata keçirilən təlimlərdə qarşıya qoyulan bütün tapşırıqlar yerinə yetirilib.